Müxalifət aktivləşdirilir, partiyalar gücləndirilir – İranın planına qarşı yeni konsepsiya

Ayrı-ayrı ölkələrə bağlı məzhəbçi dəstələr cəmiyyətə ciddi təsir edir. 20 ildən çoxdur din amili ilə İran, Səudiyyə, FETÖ Azərbaycanda ciddi dayaqlar yaradıb. Bəzi ekspertlər iddia edirlər ki, bu xətti siyasi prosesləri canlandırmaqla zəiflətmək olar. Təkliflərdən biri də budur ki, müxalifət institutunu dirçəltməklə, partiyaların siyasi həyatdakı rolunu artırmaqla din adı altında insanların beyninin yuyulmasının qarşısını almaq mümkündür. Həmçinin millətçiliyin sistemli və savadlı şəkildə cəmiyyətdə ön plana çəkilməsi də təklif olunur. Bununla da ayrı-ayrı ölkələrin din pərdəsi altında yetişdirdiyi casus şəbəkəsinin rolu xeyli azalmış olar. Hətta təkliflərdən biri budur ki, dini radikalizmi siyasi radikalizmlə zəiflətmək mümkündür.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, bu məsələ uzun illərdir ki, Azərbaycan cəmiyyətini düşündürən və müzakirə predmeti halına gələn əsas məsələlərdəndir:

“Hesab edirəm, bunun bir sıra təbii, eləcə də obyektiv səbəbləri var. Məsələ bundadır ki, Azərbaycan 70 il SSRİ tərkibində olub. SSRİ-də din olmadığı üçün cəmiyyət də dinsiz formalaşırdı. Lakin əsrlərlə dini, milli və mənəvi dəyərlərinə bağlı qalan Azərbaycan cəmiyyəti gizli də olsa bu dəyərlərini yaşatmağa çalışırdı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət və cəmiyyət bir sıra ciddi problemlər ilə üz-üzə qaldı. Xüsusilə Qarabağda separatçılığın alovlanması, Ermənistanın topraqlarımızı işğal etməsi, iqtisadi geriləmə, siyasi sabitliyin olmaması və s. kimi məsələlər ideoloji boşluq yaratdı. Separatçı hərəkat yüksəldi, Ermənistanın düşmənçiliyi iqtisadi zəiflik, ordunun olmaması ideoloji vakuuma səbəb oldu.

İlyas Hüseynov

70 il dini dəyərlərdən məhrum olmuş bir cəmiyyət başda İran olmaqla, Səudiyyə, FETÖ kimi dini ideoloji konsepsiyaya malik ünsürlərin cəmiyyətə sızması, özünə yer etməsi və hüceyrələr formalaşdırması üçün əvəzsiz fürsət idi.

Azərbaycan son 30 il ərzində diqqətini daha çox ordunun təkmilləşdirilməsi ,iqtisadiyyat, Qarabağ problemi, diplomatiya və s. məsələlərə ayırdığı üçün milli dini kadırların yetişdirilməsi kimi məsələlər diqqətdən yayınıb”.

Politoloqun fikrincə, müxalifət institutunu dirçəltməklə, partiyaların siyasi həyatdakı rolunu artırmaqla din adı altında insanların beyninin yuyulmasının qarşısını almaq mümkündür:

“Cəmiyyətin siyasiləşməsi, partiyalaşmaq ideoloji xəttin yürüdülməsi lazımdır. Dövlətlər bu yolla inkişaf ediblər. Radikalizmdən xilasın tək yolu budur”.

Turan Rzayev
Globalinfo.az