“Müharibə zamanı diaspor üzvləri həqiqi qəhrəmanlıq göstərdilər” – Toğrul Allahverdili

Bu gün ən çox müzakirə olunan mövzulardan biri də Azərbaycanın diaspor quruculuğu və lobbiçilik fəaliyyətidir. Xüsusilə Vətən müharibəsi ərəfəsi və sonrakı dövrdə dünya azərbaycanlılarının, xaricdə yaşayan aktiv soydaşlarımızın Azərbaycan reallıqlarının dünyaya çatdırılması üçün səyləri və vahid məqsəd ətrafında birləşməsi diqqət çəkir.

Globalinfo.az mövzu ilə bağlı “Diaspor Press” informasiya mərkəzinin rəhbəri Toğrul Allahverdili ilə müsahibəni təqdim edir:

-Azərbaycanın müstəqilliyi və torpaqlarımızın işğalda olduğu 30 il ərzində xaricdə diaspor quruculuğu və lobbiçilik fəaliyyətimizi necə dəyərləndirmək olar?

-Diaspor və lobbiçilik fəaliyyəti günümüzün reallığıdır. Dünyanın Azərbaycana və Azərbaycan həqiqətlərinə ikili standartlarla yanaşdığı bir zamanda diaspor quruculuğu və lobbiçilik dövlət siyasətimizin əsas hissələrindən birini təşkil edir. Azərbaycanın diaspor quruculuğunda əsas inkişaf Ulu öndər Heydər Əliyevin dövründə başlayıb. O hakimiyyətə gəldikdən sonra demək olar ki, mövcud olmayan Azərbaycan diasporu yaradılmağa başladı. Ulu öndərin dövründə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi, xaricdə bu istiqamətdə konqresin fəaliyyətə başlaması kimi amillər bunu deməyə əsas verir. Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra komitənin adının dəyişdirilərək Diasporla İş üzrə Dövlət Komitəsi adlandırılması xaricdə yaşayan soydaşlarımıza diqqətin nəticəsidir. Onun Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı “ Mən hər bir azərbaycanlının prezidentiyəm. Xaricdə yaşayan bütün soydaşlarımız əmin olsun ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır” deməsi diasporumuzun yeni dönəmə qədəm qoymasının başlanğıcı oldu.

-Diaspor və lobbiçilik fəaliyyətimizdə nə kimi çatışmazlıqlar var? Bu istiqamətin inkişafı üçün son illərdə hansı addımlar atılıb?

-Əgər Azərbaycan diasporunun ideal olduğunu desək, bu obyektiv yanaşma olmaz. Təbii ki, müəyyən nöqsan və çatışmazlıqlar var. Lakin bu dövlət siyasətinin nəticəsi deyil. Xaricdə yaşayan azərbaycanlılar, xüsusilə diaspor fəaliyyəti ilə məşğul olan şəxslərin heç biri məmur deyil. Diaspor könüllü bir sahədir. Xalq şairi, deputat Sabir Rüstəmxanlının da dediyi kimi, diaspor bir könül işidir. Təəssüf ki, biz bu gün bəzi şəxslərin hansısa imtiyazları düşünərək bu fəaliyyətlə məşğul olmağa çalışdığını görürük. Belə hallar yolverilməzdir. Lakin bu gün Azərbaycan diasporu və lobbiçilik fəaliyyəti doğurdan da inkişaf edir. Son illərdə bu inkişaf xüsusilə Avropada müşahidə olunur. Müxtəlif şəhərlərdə Azərbaycan Evləri açılıb, koordinasiya şuraları yaradılıb. Əvvəl çox sayda diaspor təşkilatı təsis edilmişdi, onlar pərakəndə şəkildə fəaliyyət göstərirdilər, lakin artıq bu fəaliyyət koordinasiyalı şəkildə aparılır.

-Xüsusilə Vətən müharibəsi zamanı və sonrakı dövrdür bu sahə üzrə görülən işlər ciddi şəkildə müzakirə olundu. Həmçinin düşmən ölkənin diaspor və lobbiçilik fəaliyyəti ilə müqayisələr aparıldı. Bəs Azərbaycan və erməni diasporu arasındakı fərq nədir?

– Çox təəssüflə bildirmək istəyirəm ki, biz lobbiçilik fəaliyyətində geri qalmışıq. Azərbaycanın lobbiçilik fəaliyyəti erməni lobbisindən bir qədər zəifdir. Bunun səbəbi dünyanın Azərbaycana qarşı ikili standart yürütməsidir. Nəticədə bizim lobbiçilik fəaliyyətimiz istədiyimiz şəkildə inkişaf edə bilmir. Dünya və Avropa ölkələrinin erməni diasporuna yanaşması bizə olan münasibətdən tamamilə fərqlənir. Bizim türk və müsəlman olmadığımız, həmçinin başqa bir neçə amil bu münasibətin əsas səbəblərindəndir. Amma yenə də Azərbaycan diaspor və lobbiçilik fəaliyyəti hər şeyə rəğmən inkişaf edir. Xüsusilə torpaqlarımız işğaldan azad edildikdən sonra biz bu inkişafı daha aydın görürük. Əminliklə deyə bilərik ki, məğlub bir dövlətin, ordunun güclü diasporu ola bilməz. Etiraf etməliyik ki, diaspor fəaliyyətimizin keçmişi və bu günü arasında çox ciddi fərq var.

– Xaricdə yaşayan diaspor nümayəndələrimiz Vətən müharibəsi zamanı nə kimi işlər gördülər? Həmçinin müharibədən sonra diaspor və lobbiçilik sahəsi hansı addımları ilə fərqləndi?

– Azərbaycan diasporu Vətən müharibəsində arxa cəbhənin qəhrəmanıdır. Həmin müddətdə diaspor nümayəndələrimizin xaricdə gördüyü işlər əvəzedilməzdir. Onlar müharibə zamanı həqiqi qəhrəmanlıq göstərdilər, dövlətin heç bir ehtiyacı olmasa da, onlarla azərbaycanlı iş adamı milyonlarla yardım göndərdilər. Doğrudur, Azərbaycan müharibəyə hər şəkildə hazırlıq idi, güclü ordu quruculuğumuz vardı, bütün növ təminat yerində idi. Lakin diaspor elə şəkildə səfərbər olmuşdu ki, maddi və mənəvi olaraq güclü dəstək göstərdi. Halbuki, onların qanuni olaraq heç bir öhdəlikləri yoxdur, bir vətəndaş olaraq öz üzərlərində məsuliyyət hiss etdikləri üçün səy göstərirlər. Həmçinin azad olunan ərazilərdə yenidənqurma prosesi üçün də YAŞAT Fonduna kifayət qədər ianələr oldu. Bunun üçün Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət televiziyası ilə birlikdə marafonlar keçirildi. Həmçinin qardaş Türkiyənin, diasporumuzun ən yaxın dostlarından olan ahıska türklərinin xaricdəki icmaları, dost və qardaş yəhudi diasporu, eyni zamanda digər yaxın təşkilatlar da Qarabağın dirçəlişi üçünü dəstək göstərdilər.

-Xaricdəki diaspor təşkilatlarımızın bundan sonrakı fəaliyyətində nələrə diqqət edilməli, hansı amillər nəzərə alınmalıdır?

-Diaspor fəaliyyəti ilə məşğul olan təşkilatda üç amil mütləq olmalıdır: vuran əl, düşünən beyin, xərcləyən cib. Bu üç amilin olmadığı bir təşkilat uğur qazana bilməz. Vuran əl deyəndə soydaşlarımızın yaşadıqları ölkənin media qurumları ilə sıx əməkdaşlığı nəzərdə tutulur, bu vacibdir. Düşünən beyinə sahib olma üçün diaspor təşkilatlarımızın ətrafına ziyalılar toplanmalıdır. Xaricdə yaşayan və işləyən alimlər, professorlar, həkimlərimiz bura cəlb olunmalıdır. Xərcləyən cib üçün isə diaspor təşkilatlarımızın nümayəndələri mütləq şəkildə həmin ölkədə yaşayan iş adamlarımızı, şirkətlərimizi bu prosesə cəlb etməlidirlər. Məsələn, qardaş Türkiyənin Azərbaycanda onlarla iş adamları birliyi mövcuddur. Lazım olduqda onlar toplanır, hansısa tələbənin təhsil haqqını qarşılayır, tədbirlərin keçirilməsinə dəstək olurlar. Ona görə də, xaricdə yaşayan soydaşlarımız öz təşkilatlarına azərbaycanlı iş adamlarını cəlb etməlidirlər. Düşünürəm ki, bu nüanslar zamanla həllini tapacaq.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Ayşən Mustafa
Globalinfo.az