“Müharibə hər an başlaya bilər, Bakı narahat olmalıdır” – Yeni məqamlar açıqlandı

WhatsApp Image 2024 04 06 at 06.34.07

Globalinfo.az Ümid Partiyasının sədri İqbal Ağazadə ilə müsahibəni təqdim edir:

– İqbal bəy, aprelin 5-də Brüsseldə baş tutan görüşdən sonra regionda nə baş verəcək? Ermənistan ilə Azərbaycan arasında gərginlik baş verə bilərmi?

– Azərbaycan ilə Ermənistan arasında gərginlik hər an başlaya bilər. Bunun olmasında maraqlı tərəflər var. Həmin qüvvələr həm Ermənistanı, həm də Azərbaycanı gərginliyə, yeni müharibəyə sövq edir.

Əslində müharibəyə gərək yoxdur. Rəsmi Bakının iddiaları açıqdır. Biz işğal olunmuş 8 kəndin qeyd-şərtsiz geri qaytarılmasını istəyirik. Bundan sonra sülh müqaviləsi imzalana, habelə, sərhədlərin delimitasiya və demarkasiyası yekunlaşa bilər.

Amma təəssüf ki, bəzi qüvvələr buna imkan vermir. Xüsusilə Ermənistan üçün kifayət qədər çətin situasiyadır. Ermənistanın daxili siyasəti çox gərgindir.

Paşinyan kəndləri qaytarmaq istəsə də bu, daxili auditoriyanı qəzəbləndirə bilər. Amma burada digər bir məsələ də var. Azərbaycan prosesin uzanmasında maraqlı deyil. Prosesin uzanması gərginliyi artıra bilər. Bu ehtimal toqquşmaları da real edir.

– Ermənistanla Azərbaycan arasında toqquşmaların baş verməsi realdırsa, sülh prosesinin taleyi necə olacaq? İki ölkə arasında danışıqlar davam edəcək?

Iqbal Agazad%C9%99

İqbal Ağazadə

– Sülh prosesi tərəflər üçün də, regionda maraqlı olan qüvvələr üçün də prioritetdir. Azərbaycanda bəzən Qərbin üzərinə çox gedilir. Amma unutmayaq ki, 2022-ci il 6 oktyabr tarixli Praqa görüşündə həmin o Qərb Nikol Paşinyanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etdi.

Qərb regionda hərbi eskalasiyada maraqlı deyil. Sadəcə Rusiyadan kənar maraqların təmin olunmasında israrlıdır. Zəngəzur dəhlizinin açılmasında həm Qərb, həm də ABŞ maraqlıdır. Amma Rusiya qoşunlarının nəzarətində olmayan bir yol arzu edirlər. Buna görə mən danışıqların davam edəcəyini düşünürəm.

– Siz qeyd etdiniz ki, Qərb regionda hərbi eskalasiyada maraqlı deyil. Bununla belə son zamanlar Qərb və ABŞ-ın regiona müdaxiləsi açıq şəkildə hiss edilir. Ümumiyyətlə Qərb-Rusiya qarşıdurması və bunun Ermənistan raundu Bakını narahat etməlidir?

– Bakını bütün proseslər narahat etməlidir. Bizim maraqlarımız nəyi tələb edirsə onu etməli, arxasınca getməliyik. Qərb Ermənistanı silahlandırırsa biz buna səssiz qalmamalı, vaxtında etiraz etməliyik. Necə ki, Rusiya Ermənistanı silahlandıranda etiraz bildirirdik, yenə bildirməliyik.

Əsas marağımız ərazi bütövlüyünün bərpa edilməsidir. Bundan sonra isə qısa zamanda sülh müqaviləsinin imzalanması lazımdır. Kommunikasiyaların açılması da bizim üçün xüsusilə vacibdir. Çünki məhz bundan sonra biz Naxçıvanla quru bağlantımızı təmin edəcəyik.

Hesab edirəm, Qərb-Rusiya qarşıdurmasından maksimum dərəcədə yararlanmalı, maraqlarımızı təmin etməliyik. Bunu edərkən isə maksimum dərəcədə tərəf olmaqdan qaçmaq lazımdır.

– İqbal bəy, İranın səssizliyi diqqət çəkir. Rəsmi Tehran niyə Qərb və ABŞ-ın regiona müdaxilə etməsinə, Ermənistanda nüfuz qazanmasına reaksiya vermir?

– İranın özü hazırda çətin durumdadır. Beynəlxalq aləmdə onun maraqlarına ziyan vuran qüvvələrin qarşısını almaq gücünə malik deyil. Rəsmi şəxslərin verdiyi bəyanatlardan artıq heç nə edə bilmirlər.

İran bütün siyasətini ABŞ ilə razılaşdırır. Məhz buna görə də rəsmi Vaşinqtonun regiondakı mövqeyinə zərər vuracaq addımları atmır. İran region üçün bu mərhələdə təhlükə deyil.

Turan Rzayev
Globalinfo.az