Sentyabrın 29-da Azərbaycanda hava şəraitinin dəyişəcəyi, temperaturun aşağı düşəcəyi və bir sıra ərazilərdə yağış yağacağı gözlənilir. Bakıda, Abşeron yarımadasında da fasilələrlə yağış, bəzi yerlərdə isə leysan və şimşək ehtimalı var.
Temperatur bundan sonra davamlı olaraq aşağı düşəcək, yoxsa yenidən yüksəlmə ehtimalı var?
Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayevin sözlərinə görə, müşahidələr göstərir ki, avqusta, hətta bu ayın əvvəlinə nisbətən temperatur tədricən aşağı düşür:
“Həm gündüz, həm gecə saatlarında temperatur artıq 20-25°C ətrafında dəyişir. Yaxın günlərdə və sonrakı dövrdə payıza xarakterik yağıntıların daha mütəmadi müşahidə olunacağı gözlənilir. Düzənlik ərazilərdə, o cümlədən Bakı, Abşeron və Kür-Araz ovalığında yağıntılar əsasən yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar və qar şəklində olacaq. Yüksək dağlıq ərazilər artıq ilk qarla qarşılaşacaq. Bununla yanaşı, günəşli günlər də olacaq. Lakin soyuyan yalnız hava deyil. Torpaq, daş, su hövzələri və çaylardakı sular, bir sözlə, ətraf mühit tədricən payız fəslinin xüsusiyyətlərinə uyğunlaşır”.
Arzu Mustafayev
Ekoloq bildirib ki, temperatur aşağı düşdükcə hiss edilən dərəcə də noyabr və dekabrın əvvəlinə qədər tədricən azalacaq:
“Müəyyən antisiklon günləri müşahidə oluna bilər. Lakin payız aylarında soyuq və küləkli hava şəraitində hiss edilən soyuqluq daha çox nəzərə çarpacaq. Ekoloji baxımdan payız yağıntılarının müsbət təsirləri də olacaq. Xüsusilə Bakı və Abşeron yarımadasında yağıntılar atmosferdəki asılı maddələrin miqdarını əhəmiyyətli dərəcədə azaldacaq. Havada olan toz və his zərrəcikləri yağış vasitəsilə yerə çökəcək, nəticədə havanın keyfiyyəti yaxşılaşacaq. Yaşıllıqlar, xüsusilə quraqlıq dövründə kifayət qədər su almayan bitkilər yenidən canlanacaq. Yağıntıdan sonra günəşli havanın müşahidə olunması ot örtüyündə yeni canlılıq və vegetasiya aktivliyi yaradacaq. Bu şərait göbələk mövsümünün də başlamasına səbəb olacaq.
Fövqəladə hallarla bağlı isə əsas risklərdən biri intensiv yağıntıların dağ çaylarında sel və daşqınlara səbəb olmasıdır. Xüsusilə leysan zamanı yağış kollektorlarının olmadığı və ya kollektorların üzərində qanunsuz tikililərin aparıldığı ərazilərdə lazımi tədbirlər görülməzsə, müəyyən çətinliklər yaranacaq. Bakıda leysan yağışları zamanı nəqliyyat infrastrukturu və şəhər təsərrüfatında müxtəlif problemlərin yaranması da mümkündür. Çünki Bakı şəhərinin yeraltı və yerüstü infrastrukturunun mövcud vəziyyəti hələ arzuolunan səviyyədə deyil”.
Ləman İmran
Globalinfo.az