Moskva reallığın fərqindədir – Lavrovun bəyanatı bu müstəvidə təhlil olunmalıdır

“Bu şərtlər daxilində ermənilər Qarabağda qala bilər, əks halda….”

“Rusiya 30 illik münaqişə dövrü və 44 günlük savaşda Ermənistana davamlı və əvəzsiz hərbi-siyasi dəstək versə də, cənab Vladimir Putin Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipial davrandı”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Moskva Qarabağı beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazisi hesab etdiyini ən ali səviyyədə və dəfələrlə bəyan edib:

“Azərbaycan 2020-ci ildə Vətən müharibəsində qalib gələrək sərhəd bütövlüyünü təmin etdi. Sərhədlərimizin daxilində baş verənlər isə bizim suveren hüquqlarımıza aid məsələlərdir, cənab Prezidentin də ifadə etdiyi kimi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan erməni əsilli sakinlərin məsələsi də o cümlədən.

Rəsmi Bakı dəfələrlə Qarabağ iqtisadi rayonunda qanuni şəkildə yaşayan erməni əsilli sakinlərin bütün hüquq və azadlıqlarına digər vətəndaşlarımız kimi ən yüksək səviyyədə təminat verib. Lakin bu, bizim kiməsə məhz erməni olduğuna görə üstünlük verəcəyimiz anlamına gəlməməlidir. Digər vətəndaşlarımız necə, onlar da hamı kimi hüquq və azadlıqlara malikdir, o cümlədən dövlətimiz qarşısında vəzifə və öhdəliklər daşıyırlar. Bu şərtlər daxilində, Azərbaycanın suveren yurisdiksiyasında qalıb yaşamaq istəyən və əraziyə işğal dövründə qanunsuz şəkildə köçməyən hər bir erməni sakini bizim cəmiyyətin bir fərdi kimi rahat yaşaya və ölkənin inkişafından bəhrələnə, o cümlədən öz töhfələrini də verə bilər. Əks halda, pozuculuq və separatizm ideyalarının yaşadılmasına cəhd edən heç kimə mərhəmət göstərilməyəcək”.

Deputat Bəhruz Məhərrəmov

B.Məhərrəmov deyib ki, indi sülhməramlılar bölgədə bu və ya digər formada separatçıların qanunsuz əməllərinə alət olmaqdadır, lakin ermənilər heç kimə güvənməməlidir:

“Necə ki 44 günlük savaşda, eləcə də bundan sonra heç kim onları müdafiə edə bilməyəcək. Qarabağda yaşayan ermənilər üçün ən gözəl müdafiə bölgəyə köçdükləri gündən bəri olduğu kimi, Azərbaycan dövlətinin öz himayəsidir. Moskva da bu reallığın fərqindədir və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da “Qarabağ əhalisinin təhlükəsizliyi və hüquqları ilə bağlı məsələlər Qarabağ və Bakı nümayəndələri arasında həll edilməlidir” bəyanatı məhz bu müstəvidə təhlil olunmalıdır.

Mövcud reallıq, o cümlədən cənab İlham Əliyevin Talışdan verdiyi bəyanatlar da bir daha göstərir ki, Qarabağ ermənilərinin “məsələ”ləri bizim daxili işimizdir və Azərbaycanla Ermənistan arasında müzakirə mövzusu və sülh gündəliyinin bir hissəsi ola bilməz. İlk növbədə beynəlxalq hüquq bunu tələb edir, digər tərəfdən isə bunu qalib tərəf olaraq biz bu cür istəyirik. Ermənilər də, onların havadarları da artıq anlamalıdır ki, bu bölgədə son sözün sahibi cənab İlham Əliyevdir”.

Zaira Akifqızı
Globalinfo.az