Monqolustanda “kömür üsyanı” bütün ölkəyə yayıla bilər” – Politoloq

Monqolustanın paytaxtı Ulan-Batorda ölkədəki kömür qalmaqalı ilə əlaqədar mitinqlər keçirilir. Etirazçılar Monqolustandan ixrac edilən kömürün miqdarının Çinin qəbul etdiyindən fərqli olduğunu bildiriblər. Çin Xalq Respublikası isə kömür oğurluğu ilə məşğul olan şəxsləri edam etdirib və bu işdə iştirak edən Monqolustan rəsmilərinin adlarının siyahısını qarşı tərəfə göndərib. Aksiya iştirakçıları kömür oğurluğunda iştirak edənlərin adlarının açıqlanmasını tələb ediblər.

Yerli KİV-lər yazır ki, oğurlanan kömürün dəyəri 12,9 milyard dollardır. Son məlumata görə, dekabrın 5-də nümayişçilər hökumət binasına soxulublar və polislə qarşıdurma baş verib. Ölən və xəsarət alanlar barədə isə hələlik məlumat verilməyib.

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Globalinfo.az-a bildirib ki, artıq üçüncü gündür ki, Çinə ixrac olunan kömürün qeyd olunan həcmdən daha az olması böyük narazılıqlara səbəb olub:

“Çin tərəfinə əvvəlcədən vəd edilən həcmdən 6,5 mln ton az kömür ixrac olunub. Nəticədə Monqolustan iqtisadiyyatı 1,8 milyard dollar itki ilə üzləşib. Buna görə də xüsusilə gənclərin narazılıqları Ulan-Batorda çox geniş şəkildə müşahidə olunur.

Mərkəzi Asiyada, xüsusilə Çinin ətrafında olan dövlətlər ancaq xammal ixracı ilə məşğuldurlar. Bu, artıq Çinin qlobal iqtisadiyyatın bir parçası olduğunu nümayiş etdirir. Mərkəzi Asiyada müşahidə olunan çox kövrək olan siyasi sistem və korrupsiya Monqolustana da keçib.

Monqolustanda nümayişçilərin əsas tələbi siyasi xadimlərin həbsi və məsuliyyətə cəlb olunmasıdır. Artıq bir sıra xüsusi tədbirlər həyata keçirilir, hökumət daxilində nümayişçilərlə dialoq həyata keçirmək üçün fəaliyyət icra olunmaqdadır. Hakim partiyanın da bu problemi aradan qaldırması üçün dialoqa ehtiyacı var”.

İ.Hüseynov eyni zamanda qeyd edib ki, Monqolustanda Çinin çox güclü təsirinin olduğu görünür:

“Monqolustan elə bir tektonik geosiyasi ərazidə yerləşir ki, burada baş verən hadisələrdən Rusiya və Çin kimi digər kənar güclər istifadə edə bilər.

Bütün bu proseslər onu göstərir ki, orada çox dərin kök salmış korrupsiya faktları var. Dövlət əmlakının mənimsənilməsinə görə məsuliyyəti olanlar cəzalandırılmalıdır, əks təqdirdə nümayişlərin həcmi daha da genişlənə bilər və bütün ölkə ərazisinə sıçraya bilər”.

Gülnar Səlimova,

Globalinfo.az