Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev Moldovanın birlikdən çıxmasının bu ölkəyə zərər vuracağını deyib. Lebedev Moldovanın nəticədə MDB vasitəsilə əldə etdiyi üstünlükləri itirəcəyini söyləyib.
Daha əvvəl Moldovanın sabiq prezidenti İqor Dodon da ölkənin Rusiya və MDB ilə ikitərəfli münasibətlərin məhdudlaşdırılması siyasəti səbəbindən hər il təxminən 1 milyard avro itirdiyini qeyd edib. Onun sözlərinə görə, 2021-ci ildən bəri bu itkilərin ümumi həcmi 5 milyard avroya çatıb.
Mart ayında isə Moldovanın MDB-nin əsas sənədlərindən – Birliyin yaradılması haqqında Sazişdən, Nizamnamədən və Alma-Ata Bəyannaməsindən çıxması ilə bağlı qərarlar Prezident Maya Sandu tərəfindən təsdiqlənərək qüvvəyə minib. Hökumət həmçinin 1993-cü il yanvarın 22-də Minskdə imzalanmış MDB Nizamnaməsini də denonsasiya edib. Bildirilir ki, çıxış proseduru təxminən bir il davam edəcək.
Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, MDB kollektiv təşkilat kimi əsasən iqtisadi prinsiplər üzərində formalaşıb.
“Üzv ölkələrin bir sıra imtiyazları var. Onlar yükdaşımalar zamanı rüsumların tətbiqində, gömrük prosedurlarında müəyyən güzəştlərdən yararlanırlar. Bütün bu proseslər vahid mexanizm əsasında tənzimlənir. Faktiki olaraq təşkilatın üzvlərinə verdiyi müəyyən üstünlüklər mövcuddur.

Tofiq Abbasov
Hər hansı ölkə təşkilatı tərk etmək istədikdə müəyyən problemlərlə üzləşə bilər. Hazırda Moldova bu addımı atmaq niyyətindədir və düşünürəm ki, bunun müəyyən itkiləri olacaq. Rəsmi Kişinyov bu qərarı verməkdə sərbəstdir. MDB-ni tərk edib Avropaya inteqrasiya etməyi seçə bilər. Lakin düşünmək lazımdır ki, Avropaya inteqrasiya nə dərəcədə effektiv olacaq və bu, hansı şəkildə nəticələnəcək. Digər tərəfdən, MDB-dən çıxış müəyyən prosedurlar əsasında həyata keçirilir və proses vaxt aparacaq.
Ermənistan da Avropaya inteqrasiya istiqamətində addımlar atır və getdikcə MDB-dən uzaqlaşır. Ancaq bu, uğurlu təcrübə kimi görünmür. İrəvanın hansı strateji xətt üzrə hərəkət etdiyi tam aydın deyil. Moldovada da oxşar qeyri-müəyyənlik müşahidə olunur. Avropa İttifaqı özü problemli ölkələri dərhal üzvlüyə qəbul etmir. Düşünürəm ki, bu qərar qəbul olunsa belə, onun icrası uzun müddət çəkəcək və Moldova üçün yaxın perspektivdə müsbət nəticələr vəd etmir”.
Turan Rzayev
Globalinfo.az