Ukraynanın Krasnoarmeysk (Pokrovsk) şəhərinin Rusiya qüvvələri tərəfindən ələ keçirilməsindən sonra növbəti hücum mərhələsi artıq planlaşdırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın “Onet” nəşrinə danışan bir neçə beynəlxalq hərbi ekspert vəziyyətin daha da kəskinləşə biləcəyini deyiblər.
Avstriyalı hərbi analitik Tom Kuper hesab edir ki, Rusiya ordusu regional üstünlüyünü genişləndirərək Kramatorski mühasirəyə almağa çalışacaq. Onun sözlərinə görə, Moskvanın məqsədi böyük bir “qazan” yaratmaqdır:
“Rus qoşunları Pokrovskdan Pavloqrada doğru irəliləyəcək, paralel olaraq İzyum istiqamətindən şimaldan təzyiq artırılacaq. Bu, Kramatorsk üçün ciddi təhlükə yaradır”.
Finlandiyalı analitik Pasi Paroinen isə ehtimal edir ki, Rusiya qüvvələrinin növbəti hədəfi şimaldan Dobropillya istiqaməti ola bilər. O bildirib ki, artıq üç tərəfdən mühasirəyə alınmış Kostiantynivkaya hücumların intensivliyi artmaqdadır.
Ekspertlərə görə, Ukrayna müdafiə xətti hazırda son dərəcə həssas mərhələdədir. Pokrovskun arxasında yeni istehkamlar – o cümlədən “əjdaha dişləri” quraşdırılsa da, mütəxəssislər 2024-cü ildə Avdiivkanın süqutunu xatırladaraq oxşar müdafiə xətlərinin tez dağılma ehtimalını vurğulayırlar.
Tahir Turan
Globalinfo.az