WhatsApp Image 2025 08 18 at 13.31.21

ABŞ-da keçiriləcək G20 sammiti Vaşinqton-Moskva münasibətlərində yeni siyasi mərhələnin başlanğıcı baxımından diqqət çəkir. Prezident Donald Trampın Rusiya lideri Vladimir Putini sammitə dəvət etməsi, Moskvanın isə dəvəti diplomatik kanallar vasitəsilə nəzərdən keçirməsi iki ölkə arasında uzun müddətdir davam edən gərginliyin fonunda xüsusi əhəmiyyət daşıyır.

Ukrayna müharibəsi ilə bağlı fikir ayrılıqları və Qərbin Rusiyaya qarşı sanksiyaları qüvvədə qaldığı halda, Putinin ABŞ-a mümkün səfəri Vaşinqtonun Moskva ilə münasibətlərdə hansı istiqamətə üstünlük verdiyi barədə suallar yaradır.

Bu, Rusiyanın beynəlxalq təcriddən çıxarılması cəhdi, yoxsa Ukrayna müharibəsinin dayandırılması üçün diplomatik dialoqun genişləndirilməsi istiqamətində addımdır? Eyni zamanda, belə bir təmas ABŞ-ın Avropa müttəfiqlərinə və Kiyevə hansı siyasi mesajı verə bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, əslində, Rusiya-Ukrayna müharibəsi fonunda Donald Trampın Vladimir Putini G20 sammitinə dəvət etməsi sıradan bir hadisə kimi qəbul olunmamalıdır:

“Xüsusilə Pekində dünyanın üç əsas supergücünün rəhbərləri arasında keçirilən görüşdən sonra belə bir sammitin reallaşması müəyyən ümidlər yaradır.

Sözsüz ki, Putin G20 sammitinə üçtərəfli görüşdən əvvəl də dəvət almışdı. Dolayısı ilə Trampın aralıq seçkilərində müəyyən qədər səs itirməsinə səbəb olan amillərdən biri də məhz Rusiya ilə münasibətlər məsələsi idi. Hesab edirəm ki, Rusiya rəhbəri Trampın bu canfəşanlığını və atdığı addımları gələcək perspektivlər baxımından diqqətlə dəyərləndirəcək. Bunun nəticələrini isə iki ildən sonra ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində daha aydın görə bilərik.

Cavansir 675x900 1
Cavanşir Abbaslı

Bir sözlə, artıq tərəflər arasında yaxınlaşma getdikcə güclənir. Görünən odur ki, Tramp Putinlə, Putin də Trampla yoluna davam etmək istəyir. Bu iki lider arasında müəyyən siyasi bağlılıq və qarşılıqlı maraq özünü göstərməkdədir. Onsuz da əvvəlki seçkilər zamanı da Trampın qələbə qazanmasında Rusiyanın və rusiyalı hakerlərin böyük rol oynadığı barədə iddialar səsləndirilirdi. Bütün bunlar Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-Rusiya münasibətlərində müəyyən dəyişikliklərin baş verə biləcəyini göstərirdi və hazırda həmin dəyişikliklərin şahidi oluruq. Ukrayna müharibəsi fonunda Trampın son iki illik hakimiyyəti dövründə Putinlə Alyaskada keçirilən görüş, eləcə də dəfələrlə baş tutan telefon danışıqları onu deməyə əsas verir ki, bu iki şəxs hakimiyyətdə olduğu müddətdə aralarındakı yaxınlıq daim müzakirə mövzusu olaraq qalacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: