ehali 1

İnsan hüquq və azadlıqlarının qorunması hüquqi dövlət quruculuğunun əsas şərtlərindən biridir. Hər bir vətəndaşın öz hüquqlarını bilməsi və onları müdafiə etməyi bacarması cəmiyyətdə hüquq mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Bunun üçün hüquqi maarifləndirmənin gücləndirilməsi, əhalinin qanunvericiliklə bağlı məlumatlandırılması və hüquqi biliklərinin artırılması vacibdir. Vətəndaşların hüquqi savadlılığı onların dövlət qurumları ilə münasibətlərində də daha fəal mövqe tutmasına imkan yaradır. Eyni zamanda, insanların sosial və siyasi proseslərdə iştirakı cəmiyyətin inkişafına təsir edən amillərdəndir.

Öz hüquq və azadlıqlarını bilən vətəndaşlar ictimai məsələlərə daha həssas yanaşır, mövqelərini ifadə etməkdən çəkinmirlər. Lakin hüquqların kağız üzərində tanınması ilə onların gündəlik həyatda real müdafiəsi arasında fərq ola bilər. Bu baxımdan hüquqi mexanizmlərin əlçatanlığı və vətəndaş müraciətlərinə effektiv baxılması xüsusi əhəmiyyət daşıyır. Hüquqi maarifləndirmə yalnız hüquq pozuntularının qarşısının alınmasına deyil, həm də cəmiyyətdə məsuliyyət və qanunlara hörmət düşüncəsinin güclənməsinə xidmət edir.

Azərbaycanda vətəndaşların öz hüquq və azadlıqlarını bilmə səviyyəsini necə qiymətləndirilir? Hüquqi maarifləndirmə sahəsində hansı çatışmazlıqlar var? Vətəndaşların hüquqlarını daha yaxşı müdafiə etməsi, sosial fəallığının artması üçün hansı addımlar atılmalıdır?

Globalinfo.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, Azərbaycanda vətəndaşların öz hüquq və azadlıqlarını bilmə səviyyəsi əvvəlki illərlə müqayisədə müəyyən qədər yüksəlib:

“İnternetin, sosial şəbəkələrin, elektron dövlət xidmətlərinin əlçatanlığı, hüquqi mövzuların mediada daha çox işıqlandırılması bu sahədə müsbət rol oynayır. İnsanlar artıq bir çox hallarda hüquqlarının pozulduğunu hiss edir, sual verir, müraciət edir və öz mövqelərini ifadə etməkdən çəkinmirlər. Amma burada bir mühüm məqam var. Hüququ bilmək başqa, həmin hüquqdan istifadə etməyi bacarmaq ayrı məsələdir. Məncə, əsas problem də məhz bu fərqdədir. Vətəndaş müəyyən hüquqa malik olduğunu bilə bilər, lakin onun hansı quruma, hansı hüquqi əsasla, hansı müddətdə və hansı formada müraciət etməli olduğunu bilməyə bilər. Bəzən isə hüququnun pozulduğunu anladığı halda, nəticə əldə edəcəyinə inanmadığı üçün müdafiə mexanizmlərindən istifadə etmir”.

elovset

Əlövsət Allahverdiyev

Hüquqşünas bildirib ki, hüquqi məlumatların əlçatanlığı ilə onların anlaşıqlılığı da fərqli məsələdir:

“Qanunvericilik açıq mənbələrdə yerləşdirilsə də, hüquqi terminologiya və mürəkkəb ifadələr bəzən adi vətəndaş üçün çətinlik yaradır. Qanunun mövcud olması hələ onun hamılıqla başa düşülməsi demək deyil.  Hüquqi maarifləndirmə davamlı və sistemli olmalıdır. Bu iş yalnız müəyyən əlamətdar günlərdə, tədbirlərdə və kampaniyalarda xatırlanmamalıdır. İnsan hüquqları, əmək münasibətləri, istehlakçı hüquqları, ailə hüququ, sosial təminat, rəqəmsal mühitdə təhlükəsizlik kimi məsələlər mütəmadi izah edilməlidir. Regionlar və müxtəlif sosial qruplar arasında hüquqi məlumatlara çıxış imkanları eyni deyil. Xüsusilə yaşlı insanlar, əlilliyi olan şəxslər, aztəminatlı ailələr və hüquqi xidmətlərə çıxışı məhdud olan şəxslər üçün daha əlçatan maarifləndirmə mexanizmlərinə ehtiyac var”.

Ə.Allahverdiyev qeyd edib ki, hüquqi maarifləndirmə formal tədbirlərdən çıxarılaraq gündəlik həyatın bir hissəsinə çevrilməlidir:

“Məktəblərdə hüquq və vətəndaşlıq biliklərinin daha praktik formada tədrisi gücləndirilməlidir. Gənclər yalnız hüquqlarını deyil, vəzifələrini və hüquqi məsuliyyətlərini də bilməlidirlər. Dövlət qurumlarının internet resurslarında qanunvericilik sadə, anlaşıqlı dildə izah edilməli, real həyat nümunələri və addım-addım müraciət qaydaları təqdim olunmalıdır. Ödənişsiz hüquqi məsləhət və hüquqi yardım imkanları, xüsusilə həssas qruplar üçün genişləndirilməlidir. Media və sosial şəbəkələrdə hüquqi maarifləndirməyə daha çox yer ayrılmalıdır. Burada sensasiyadan yox, dəqiq, yoxlanılmış və praktik hüquqi məlumatdan söhbət gedir. Dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları, hüquqşünaslar, universitetlər və media arasında əməkdaşlıq gücləndirilməlidir”.

Qeyd: Material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması.

media yeni loqo

Ləman İmran
Globalinfo.az

Paylaş: