MN-nin Mərkəzi Ərzaq Anbarından reportaj – FOTOLAR

Azərbaycan Ordusunda ərzaq normativləri hərbi qulluqçuların təyinatına görə müəyyən olunur. Bu, qoşun növünün gündəlik fəaliyyətinə görə hesablanır. Məsələn, xüsusi təyinatlı qoşun növlərində (Xüsusi Təyinatlı Qüvvələr, Komando birlikləri, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı hərbi qulluqçuları və s.) xidmət edən hərbi qulluqçuların qida rasionunda xüsusi kalorili yeməklərdən istifadə olunur. Bu, həmin hərbçilərin döyüş əməliyyatlarında, təlimlərdə itirdikləri enerjini bərpa etmək üçün nəzərdə tutulub. Belə bölgü dünya praktikasında və NATO ölkələrində də var.

Globalinfo.az “Report”a istinadən bildirir ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2023-cü ildə birgünlük antiterror əməliyyatları zamanı təminat yollarındakı çətinliklərə baxmayaraq, qidalar heç bir problemlə üzləşmədən ön cəbhəyə vaxtında çatdırıldı. Orduda vahid ərzaq anbarının olması isə ərzaqların keyfiyyətinə, çeşidliliyinə, kalori dəyərinə nəzarəti xüsusilə asanlaşdırır.

İşğaldan azad olunan ərazilərə də buradan qida tədarük edilir

Azərbaycan Ordusunda istifadə olunan ərzaqlar haqqında məlumat toplamaq üçün Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarına yollandıq. Öncə onu deyək ki, bu anbarda ayrıca laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyada ərzaqların keyfiyyəti yoxlanılır. İstifadəyə yararsız ərzaqlar müəyyən olunduqda geri qaytarılır və rasiondan çıxarılır.

Anbarın girişində hər bir qidanın nümunəsi qoyulub. Konservləşdirilmiş qidalar, yarmalar, soyuq qəlyanaltılar, ləpə və müxtəlif növ ərzaq məhsulları çeşidlənib. Anbardan Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Müdafiə Nazirliyinin Gəncə və Beyləqan istiqamətdə olan hərbi hissələrinə ərzaqlar göndərilir. İşğaldan azad olunan Qarabağ və ətraf rayonlara da buradan qida tədarük edilir.

Hərbi hissə daxilində iki əsas anbar var ki, hər birinin tutumu 500 tondur. Məhsulların əksəriyyəti yerli şirkətlər tərəfindən istehsal edilir. Burada istənilən hərbi vəziyyət üçün kifayət qədər ərzaq ehtiyatı var. Anbarda gündəlik işlərə mülki işçilər cəlb olunub. Müxtəlif hərbi hissələrə göndərilən ərzaqlar, eləcə də anbara gətirilən məhsulların yerləşdirilməsində onların əməyindən istifadə olunur. Əvvəllər bu işlərdə əsgər əməyindən istifadə edilirdi, bu isə döyüş hazırlığını aşağı salır, hərbi qulluqçuların xidmətinə mane olurdu.

Standartlara cavab verməyən məhsullar geri qaytarılır

Öyrəndik ki, anbarda ərzaqların istifadə müddətinə mütəmadi nəzarət edilir. Tələbata uyğun ərzaq tədarük edildiyi üçün hər hansı bir məhsul saxlanma müddəti bitmədən istifadə olunur. Hər bir məhsul anbara yerləşdirilməzdən öncə laboratoriyada yoxlanılır, standartlara cavab verməyən məhsul geri qaytarılır. Həmçinin, anbarda daxili temperatura nəzarət olunur, bu da məhsulların xarab olmasının qarşısını alır.

Mərkəzi ərzaq anbarında məhsulların keyfiyyətinə nəzarət olunduğu laboratoriyaya üz tuturuq. Laboratoriya rəisi mayor Əsgərovla həmsöhbət oluruq. O, anbarda ərzaq keyfiyyətinin necə yoxlanıldığını izah elədi. Bildirdi ki, şirkətlərdən gələn məhsullar laboratoriyada 3 istiqamətdə nəzarətə götürülür. Yoxlandıqdan sonra standartlara cavab verən məhsullar anbara qəbul olunur. Standartlara cavab verməyən məhsullar isə geri qaytarılır. Anbarda ixtisaslaşmış qadın laborantlar çalışır.

Laborant Aysel Abdullayeva isə dedi ki, laboratoriya müasir avadanlıqla təmin olunub: “Burada xüsusi soyuducu var, məhsul soyuducuda 36 saat saxlanılır, 36 saatdan sora onun şişməsinə baxırıq. Quruducu şkafda məhsulun nəmliyini yoxlayırıq. Həmçinin, quru qidaları yoxlamaq üçün də xüsusi avadanlığımız var. İstifadəyə yararsız məhsul müəyyən olunduqda təminatçı təşkilata geri qaytarılır”.

Qeyd edək ki, sözügedən anbarın yerləşdiyi hərbi hissə daxilində Mərkəzi Hərbi Baytarlıq Laboratoriyası da fəaliyyət göstərir. Burada məhsullar daha geniş formada analiz edilir. Belə ki, taxıl və bir çox dənli bitkilərin bakterioloji tərkibi yoxlanılır. Baytarlıq laboratoriyası məhsullar barədə ümumi rəy verir. Müsbət rəy almayan məhsullar təminata buraxılmır. Anbar rəisi bizi həmin laboratoriyaya aparır…

Məhsullar fiziki-kimyəvi, bakterioloji, radioloji və toksikoloji müayinələrdən keçirilir

Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasının rəisi polkovnik-leytenant Anar Məmmədov laboratoriyanın fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyası 1994-cü ildən fəaliyyət göstərir. Yuxarı komandanlığın göstərişi ilə 2018-ci ildə Mərkəzi Hərbi Baytarlıq Laboratoriyası yenidən qurulub və ən müasir avadanlıqlarla təchiz olunub. Laboratoriyanın iş fəaliyyəti qida təhlükəsizliyi ilə əlaqədar ölkəmizdə qəbul olunan normativ hüquqi aktların və beynəlxalq standartların tələblərinə uyğun təşkil edilib.

“Bu laboratoriyanın vəzifəsi Müdafiə Nazirliyinin şəxsi heyətinin qidalanması üçün nəzərdə tutulan ərzaq məhsullarının keyfiyyətinə nəzarət etməkdir. Burada 6 bölmə fəaliyyət göstərir. Ərzaq məhsulları Mərkəzi Ərzaq Anbarına qəbul edilməzdən əvvəl laboratoriyanın mütəxəssisləri həmin məhsullardan nümunələr götürür və fiziki-kimyəvi, bakterioloji, radioloji və toksikoloji müayinələrdən keçirirlər. Müayinə olunan ərzaqlar dövlət standartlarının və qida təhlükəsizliyi normativ aktlarının tələblərinə cavab verdikdə məhsulların keyfiyyətinə dair müvafiq rəy tərtib edilir və yalnız bundan sonra həmin ərzaq məhsulları Mərkəzi Ərzaq Anbarının saxlanclarına qəbul edilir”, – A.Məmmədov dedi.

O əlavə etdi ki, saxlanclardakı ərzaq məhsullarının keyfiyyətinə daim nəzarət etmək üçün laboratoriyanın mütəxəssisləri yay aylarında ayda 4 dəfə, qış aylarında isə 2 dəfədən az olmayaraq ərzaqlara baxış keçirirlər. Lazım gəldikdə nümunə götürülərək təkrar müayinələr aparılır. Bundan əlavə, mütəmadi olaraq anbarlarda deratizasiya, dezinfeksiya, dezinseksiya və deqazasiya tədbirləri görülür.

Laboratoriyadan çıxaraq hərbi hissənin ərazisini gəzdik. Bizə burada olan hər bir anbarın təyinatı barədə məlumat verildi. Bildirildi ki, 44 günlük Vətən müharibəsində, antiterror tədbirlərində və bir çox genişmiqyaslı döyüş əməliyyatlarında anbar gücləndirilmiş iş rejimində işləyib. Hərbi qulluqçuları keyfiyyətli və təxirəsalınmaz ərzaqla təmin etmək üçün maksimum səy göstərilib.

Anbar istənilən hərbi vəziyyət üçün döyüşə hazır vəziyyətdədir

Sonra Mərkəzi Ərzaq Anbarının rəisi polkovnik Camal Kərimov suallarımızı cavablandırdı.

– Hansı hərbi hissələrə buradan ərzaq göndərilir?

– Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarının fəaliyyəti nazirliyin müxtəlif təminatçı şirkətlərlə bağladığı müqavilə əsasında alınan ərzaqların saxlanılması, qorunması və keyfiyyətinə nəzarət olunması üçündür. Buradan Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Müdafiə Nazirliyinin bütün hərbi hissələrinə ərzaq göndərilir. Ərzaq Gəncə və Beyləqan – iki istiqamətdə yola salınır. Ərzaq həm avtomobil, həm də dəmiryolu nəqliyyatı ilə çatdırılır.

– Məlumata görə, hərbi hissələrin daxilində çörəkbişirmə sexləri yaradılır. Bu sexlərə kim nəzarət edir? Həmin sexlərə müəyyən olunan xammal təminatı haradan tədarük olunur?

– Həmin sexlərin un və maya məhsulları mərkəzi anbardan tədarük olunur, amma sexlərə Müdafiə Nazirliyinin Ərzaq Xidməti və Hərbi Baytarlıq xidməti nəzarət edir.

– Anbarda saxlanılan məsulların hamısı yerli istehsaldır?

– Məhsulların əksəriyyətini Müdafiə Nazirliyinin sifarişi əsasında yerli şirkətlər istehsal edirlər. Elə ərzaqlar da var ki, xaricdən idxal olunur. Biz ərzaq nümunələrini nazirliyə göndəririk, şirkətlərlə müqavilə bağlanarkən bu nümunələrdəki keyfiyyətlər əsas götürülür.

– Anbarda saxlanılan ərzaqların çeşidləri barədə məlumat verə bilərsiniz?

– Anbarda ərzaq çeşidləri çoxdur. Bura qaymaq çeşidləri, Holland pendirləri, əncir, xurma qurusu, ləpələr – qoz, fındıq, badam, hazır yeməklər, şüyüdlü düyü, qarabaşaq, ət məhsulları, konservləşdirilmiş dolmalar, eləcə də qarbaşaq, bulqur, arpa yarması, mərci çeşidləri və s. daxildir.

– Həmin məhsulların kalori dəyəri hesablanırmı?

– Hərbi hissələrin qida cədvəli var. Həmin qida cədvəlinə əsasən, ərzaqlar kalori dəyərinə görə şəxsi heyətə verilir. Hər bir qoşun növünün öz xüsusi qida norması var. Məsələn, xüsusi təyinatlı qüvvələr və digər xüsusi təyinatlı birliklər üçün daha kalorili ərzaqlardan istifadə edilir.

Beləliklə, bir daha əmin olduq ki, güclü Azərbaycan Ordusunun arxasında sağlam qida və nizam-intizam dayanır.