Proses bitir: Ermənistana müraciət etməliyik – Zahid Oruc

“Hökumətin Böyük Qayıdış siyasəti işğaldan əvvəl Qarabağda 936 yaşayış məntəqəsini gələcəkdə 316-a endirməyi nəzərdə tutur”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin martın 15-də keçirilən iclasında Nazirlər Kabinetinin hesbatına münasibətdə deyib.

Deputat azad olunan torpaqlarda daxili-xarici investisiyanın inkişafı üçün “sıfır vergi” siyasətinin tətbiqini təklif edib:

“Yaponlar və almanlar da oxşar yolla gediblər. Lakin təkcə büdcə vəsaitlərilə Qarabağı tikmək qeyri-mümkündür. 2023-cü ilin 1 yanvarından 10 il müddətinə texnika və qurğular, xammal və materialların idxalı ƏDV-dən azad olunub. Bu müsbət addımdır. Eyni zamanda, emal sənayesi və xidmət infrastrukturunu yaratmaq, onu iqtisadi sistemə qoşmaq üçün azad torpaqlarda “sıfır vergi” siyasətini tətbiq etsək, daxili-xarici investisiyanın yolunu açarıq. Hökumət xüsusi qaydalar hazırlaya, azad torpaqlara qayıtmaq istəyən, köçkün olmayan vətəndaşlara çağırış edə, şəffaf şərtlərlə bir kənddə 100 evi tikmək istəyən şirkətin planlarına icazə qarışılığında onların xərclərini qarşılaya bilər və dövlətin yükü paylaşılar”.

Deputat bildirib ki, ATƏT-in Misnk qrupu azad edilən ərazilərdə bəzi evlərin inşasını öz üzərinə götürə bilər:

“Ötən il Qarabağın bərpası üçün “Beynəlxalq Donor Konfransı” keçirilməsini təklif etmişdik. Bütün dövlətlərə dəvət göndərsək, gəlməyən ölkələrin ədalətə, sülhə münasibətini dünyaya göstərərik. Müharibəni xalqımız özü apardı, heç olmasa, 10 kəndi, 100 evin inşasını sabiq Minsk Qrupu üzərinə götürsün ki, BMT tribunasından danışmağa üzləri olsun”.

“Ermənistanla kommunikasiyalar ötən il də açılmadı. Azərbaycan Şərqi Zəngəzur yollarının tikintisini başa çatdırır. Biz Ermənistana müraciət etməliyk ki, Qərbi Zəngəzurda quru və dəmir yollarını da ölkəmiz çəkməyə hazırdır, o şərtlə ki, bütün məsrəfləri geri almaq üçün rusum və ödənişlər müəyyən müddətə bizim büdcəyə ödəniləcək. Diplomatik münasibətləri olmayan iki ölkə arasında bu ilk körpü olar” – Z.Oruc qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az