Mİ-6 şefini İrəvana gətirən səbəb: Türkiyənin dostu Paşinyanla nə danışıb?

“Böyük Britaniyanın kəşfiyyat xidməti Mİ-6-nın rəhbəri Riçard Murun İrəvana səfərinin diqqəti cəlb etməsinin səbəbi vaxtilə ölkəsinin Türkiyədə səfiri vəzifəsində çalışması, bu ölkənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla sıx əlaqələri olmasıdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, türk dilində sərbəst danışan Riçard Mur bölgəni içəridən öyrənib, diplomat kimi Pakistan və İranda ezamiyyətlərdə olub:

“Digər tərəfdən, Avropa ölkələri içərisində Azərbaycanla sıx münasibətləri olan Böyük Britaniyanın kəşfiyyat xidmətinin rəhbərinin Ermənistana səfəri bu mənada da suallar doğurub”.

O, bu səfərlə bağlı müxtəlif versiyaların olduğunu qeyd edib:

“Mİ-6-nın rəhbərinin səfərinin İranla əlaqəsini yazanlar da var, Ermənistan-Azərbaycan qarşıdurmasıyla bağlılığını bildirənlər də az deyil. Bütün hallarda Baş nazir Nikol Paşinyanla İrəvanda görüşən Riçard Murun Azərbaycanın və Türkiyənin mövqelərinə xələl gətirəcək mövzulara toxunmadığı ehtimalı yüksəkdir. Londonun siyasəti Parisin siyasətindən fərqlidir. Bizim üçün əsas olan budur.

Görünür, Riçard Mur Paşinyana anlatmağa çalışıb ki, bölgədə sülh, sabitlik və əməkdaşlıq istəyirsə, Rusiya və İranın planlarında yer almamalıdır. Paşinyan Riçard Mur vasitəsilə Bakıya istəklərini də ötürə bilərdi. Ancaq bu Londonun vasitəçi anlamına gəlmir. Necə ki, rəsmi Bakı Parisin vasitəçiliyini qəbul etmir, İrəvan da Londonun vasitəçiliyini qəbul etməz”.