Yegane haciyeva 3

“Xankəndi yolundakı aksiya ilə bağlı neqativ çıxışlar ilk gündən sonra başladı. Xüsusilə Azərbaycanda Qərb agentura şəbəkəsi bəlli strateji gərginlik olan məqamlarda Azərbaycan əleyhinə fikirlər səsləndirir. Müharibənin əleyhinə təşviqat aparan adamlar məhz bu günlərdə Şuşa-Xankəndi yolunda keçirilən humanitar aksiya ilə bağlı neqativ kampaniyalara qoşulublar və hətta onun aparıcılarıdırlar”.

Bu sözləri Globalinfo.az-a Gənc Demokratlar İnstitutunun sədri, politoloq Yeganə Hacıyeva bildirib:

“Müharibənin, eləcə də bu aksiyaların başlaması Azərbaycanın seçimi deyil. Bu bir ehtiyacdır, çünki gözümüzün önündə Azərbaycanın resursları yağmalanır. Ermənilər orda resurslarımızı talamaqla yanaşı, bizim komissiyanın işinə maneçilik törədir, etirazlar keçirir və s. Həmin vaxt jurnalistlərimizi ora buraxmadılar. Onlar da bu haqda yazdı və bu, cəmiyyətin qıcığına səbəb oldu. Sonra QHT-lər bu proseslərə qoşuldu”.

Politoloq qeyd edib ki, bu müharibə bizim seçimimiz olmadığı halda, aksiyanın keçirilməsi üçün səbəbləri biz formalaşdırmadığımız halda, sözügedən şəbəkə bunu məhz bizdən qaynaqlanan gərginlik kimi göstərməyə çalışır ki, bu da doğru deyil:

“İstər Meydan TV, istərsə də digər bəzi media qurumlarının QHT-lərdə olan nüfuz agentləri belə strateji günlərdə ermənilərin xeyrinə fikirlər səsləndirməkdən çəkinmirlər. Bu sifarişi birbaşa erməni lobbisindən alanlarla yanaşı, Soros şəbəkəsindən də ölkəmiz əleyhinə göstəriş alanlar var.

Meydan TV anti-Azərbaycan təbliğatında əsas rupordur. Biz bunu illərdir görürük. Meydan TV-nin əsas məqsədləri cəmiyyətin monolitliyini zədələmək, milli maraqlar ətrafında xalq-dövlət birliyini sarsıtmağa çalışmaqdır. Bu platforma gecə-gündüz rəsmi təbliğatının əleyhinə iş aparır. Cəmiyyəti öz qələbəsi ilə bağlı tərəddüdə salmağa, beyinlərə şübhə toxumu səpməyə çalışır”.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: