675844481 2333711343701091 9170928039875902457 n

Məşhur Hollivud ulduzu Anne Hathaway “People” jurnalına müsahibə verib. Aktrisa özü və gələcəyi ilə bağlı danışarkən “inşallah” sözünü işlədib. Katolik ailədə böyümüş Annenin bu sözü sanki gündəlik nitqində istifadə edirmiş kimi deməsi böyük maraqla qarşılanıb, mediada və sosial şəbəkələrdə gündəm olub, səhifələr, verilişlərdə müzakirə mövzusuna çevrilib. Hətta müsahibədən sonra müsəlman pərəstişkarlarından biri ona qatıldığı mərasimdə Quran hədiyyə edib.

Anne hazırda bir çoxumuzun uşaqlığının əfsanələrindən olan “The Devil wears Prada”nın ikinci filminin təşviqat kampaniyasını aktiv şəkildə aparır. Müsahibələri, fanatlarla görüşü, təqdimatları, paylaşımları, atdığı hər addım bu filmin təbliğatına hesablanıb. Anne son 20 ildə ən çox sevilən, bəyənilən, müzakirə olunan “ikon” simalardan biridir. Bir çox media orqanları “People” kimi bir jurnala müsahibəsində inşallah deməsini təbii və təsadüfi hesab etsə də, mənim kimi əksini düşünənlər də var.

ABŞ siyasəti, şou və biznes dünyasında PR əsas həlledici faktordur. Bir növ ayrıca elm belə demək olar. Son 40 ildir PR hər şeydir, hər şey də PR. Bu sahə üzrə çox güclü mütəxəssislər, şirkətlər, markalaşmış imzalar var. Siyasətçisindən sənətçisinə bir çoxu alacaqları geyimin rəngini belə onlarla məsləhətləşir. Nəzərə almaq lazımdır ki, AvropaABŞ-a müsəlman ölkələrindən axınlar artıb. Fələstin məsələsi isə xüsusilə ABŞ-da 11 sentyabrdan sonrakı xofu ciddi şəkildə kölgədə qoyub və İslama bir növ simpatiya trendi başlayıb. Artıq ölkədə müsəlman auditoriyanın da ələ alınması üçün çalışılır. Məsələn, Zohran Mamdaninin Nyu-York kimi bir şəhərə mer seçilməsi heç də təsadüfi deyildi, gələcəkdə çox daha maraqlı yeniliklər olacaq. Annenin bu sözü deməsi də filmin təbliğat kampaniyası çərçivəsində bu auditoriyanın diqqətini çəkməyə hesablanıb. Çünki artıq ABŞ xalqının ideologiyası sadəcə sözdə deyil, əməldə də belədir: “Amerika burada yaşayan hər kəsin ölkəsidir”. Yəni ən xırda məsələlərdə belə bütün auditoriya üçün hesablama aparılır. Müsəlman kəsimi ələ alma çabaları hələ 10-15 il əvvəl də vardı, lakin indiki kimi güclü deyil, o zaman məqsəd və reallıq da başqa idi. İndi isə gələcək dünya üçün strategiya fərqlidir, tamamilə başqa bir tendensiya işə düşür. Annenin komandası da bundan çox professional şəkildə istifadə etməyi bacarıb.

Beləliklə son illərdə dünyada ABŞ-Avropa gücünün qarşısında yüksələn Asiya trendi fonunda, yəhudi-xristian inancına qarşılıq yüksələn ruhani müsəlman xətti yavaş-yavaş daha çox möhkəmlənir. Artıq hər şey dəyişir, hər şey.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: