Masallıda bazardakı yanğın söndürüldü, cinayət işi açıldı – VİDEO

Masallıda ticarət mərkəzində baş varmiş yanğın söndürülüb, cinayət işi başlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, oktyabrın 6-da Masallı şəhərində yerləşən “Cavid-F” MMC-yə məxsus ticarət mərkəzinin ərazisində yanğın hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında FHN-in əməkdaşları hadisə yerinə çıxıb.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektləri içərisindəki müxtəlif çeşidli mallarla birlikdə yanğının təsirinə məruz qalıb, 7 nəfər şəxs isə yanıq xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, hazırda müalicələri davam etdirilir.

Fakta görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb.

Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***16:59

Masallı şəhərində bazar ərazisində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.

Bu barədə Globalinfo.az-a FHN Mətbuat xidmətinfən məlumat verilib.

Qeyd olunub ki, bazar ərazisində yanğın baş verib və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub. FHN-in qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğını məhdudlaşdırıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən bildirilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.

Əlavə məlumat veriləcək.

***16:37

Masallıda bazarın qəsdən yandırıldığı iddia edilir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə bazarın bir neçə ay əvvəl təyin olunan yeni sahibi Afər Cahangirov deyib.

O qeyd edib ki, bazarın əvvəlki sahibi ilə aralarında narazılıqlar olub. Bazara təyin olunduqdan sonra oradakı qanunsuzluqlara son qoymağa çalışıb, bu isə satıcılarla yeni problemlər yaradıb.

“Çox güman ki, yanğın qəsdən törədilib”, – o vurğulayıb.

***15:54

Masallı şəhərində yerləşən və Köhnə bazar adı ilə tanınan ticarət mərkəzində güclü yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

Hadisə barədə əlavə məlumat veriləcək.

X X X

FHN yanğınla bağlı məlumat yayıb.

Globalinfo.az-ın xəbərinə görə, qurumdan bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.