Fransa Prezidenti Emmanuel Makronun Ermənistandan Türkiyəyə quru sərhədi ilə keçmək cəhdi baş tutmadı. Analitiklərin fikrincə, bu hadisə Cənubi Qafqazda və ətraf geosiyasi məkanda siyasi gündəliyi artıq kənar güclərin deyil, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müəyyənləşdirdiyini göstərdi.
Bəzi diplomatik dairələrdə Makronun bu təşəbbüsünə müsbət yanaşanların olduğu iddia edilsə də, Bakı və Ankaranın qətiyyətli mövqeyi belə planların reallaşmasına imkan vermədi. Bu fakt Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin təkcə ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə regionun siyasi arxitekturasının formalaşdırılması baxımından həlledici rol oynadığını bir daha nümayiş etdirdi.
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Makronun bu istəyinin adi diplomatik marşrut seçimi olmadığına şübhə yoxdur:
“Bu addım daha çox siyasi və simvolik məna daşıyırdı. Makron bununla həm Ermənistan üzərindəki siyasi himayədarlığını nümayiş etdirmək, həm də Cənubi Qafqazda Fransanın təsir imkanlarının davam etdiyini göstərmək istəyirdi. Xüsusilə son illərdə Parisin Ermənistanla münasibətlərini intensivləşdirməsi fonunda belə bir təşəbbüs regiona ünvanlanan siyasi mesaj kimi qiymətləndirilə bilərdi.
Lakin bu planın baş tutmaması Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığın göstəricisi oldu. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prinsipial və koordinasiyalı mövqeyi Makronun bu simvolik gedişini nəticəsiz qoydu. Bu hadisə bir daha sübut etdi ki, artıq regionda əsas siyasi gündəmi formalaşdıran və strateji qərarların istiqamətini müəyyən edən güc mərkəzləri məhz Bakı və Ankaradır.
Azərbaycan ilə Türkiyə arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə keçib. Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənən strateji müttəfiqlik artıq təkcə hərbi və iqtisadi əməkdaşlıq çərçivəsində deyil, regional diplomatiyada da özünü qabarıq şəkildə göstərir. Bu gün Cənubi Qafqazda həyata keçirilməsi planlaşdırılan istənilən beynəlxalq təşəbbüs Azərbaycan və Türkiyənin maraqları nəzərə alınmadan uğur qazana bilməz. Makron məsələsi də bunun növbəti nümunəsinə çevrildi.
Ankaranın diplomatik dairələrində Makronun sözügedən təşəbbüsünü dəstəkləyən müəyyən yanaşmaların olması göstərdi ki, bu ölkənin daxilində Azərbaycan və Türkiyənin ortaq maraqlarının nədən ibarət olduğunu, bu maraqların və qəbul edilən ortaq qərarların nə qədər əhəmiyyətli olduğunu tam dərk etməyənlər var”.

Yusif Bağırzadə
Politoloq bildirib ki, dövlət siyasətində son qərarı siyasi liderlik və milli maraqlar müəyyən edir:
“Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin qətiyyətli mövqeyi regionun strateji xəttinin hansı istiqamətdə davam edəcəyini açıq şəkildə ortaya qoydu. Bu yanaşma Türkiyə–Azərbaycan tandeminin xarici təsirlərə qarşı ortaq siyasi iradə nümayiş etdirdiyini göstərdi.
Hadisənin digər mühüm tərəfi Qərbin region siyasətində baş verən dəyişikliklərlə bağlıdır. Uzun illər Cənubi Qafqazda əsas təsir mərkəzi olmaq istəyən Avropa dövlətləri artıq bölgədə əvvəlki qədər rahat manevr edə bilmirlər. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni siyasi balans regional aktorların rolunu əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan öz milli maraqlarını diktə edə bilən dövlətə çevrilib, Türkiyə isə bu siyasətin əsas strateji tərəfdaşı kimi çıxış edir.
Bu hadisə göstərdi ki, Cənubi Qafqazda regional siyasətin əsas memarları artıq Bakı və Ankaradır. Xarici güclər isə yalnız bu reallığı qəbul etdikləri halda bölgədə effektiv siyasət yürüdə bilərlər”.
Turan Rzayev
Globalinfo.az