“Avropada rekord istilərə görə payız aylarında ərzaq məhsulları bahalaşacaq”
Globalinfo.az xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” nəşri məlumat yayıb.
“Fransada yaz və yay aylarında müşahidə olunan isti hava buğda və qarğıdalı istehsalına ciddi ziyan vurub. Taxıl qıtlığı isə öz növbəsində ətin bahalaşmasına səbəb olacaq. Meyvə və tərəvəz məhsullarının zəif məhsuldarlığı da vəziyyəti daha da ağırlaşdıracaq”, – deyə bildirilib.
İqtisadçı Karl Ekkerdal deyib ki, iqlim dəyişikliyi artıq yeni reallığa çevrilib və bunun ərzaq istehsalı üçün müsbət tərəfi yoxdur.
Onun sözlərinə görə, söhbət müvəqqəti vəziyyətdən getmir.
İstehlakçılar iqlim dəyişiklikləri səbəbindən ərzaq məhsullarının qaçılmaz şəkildə bahalaşmasına alışmalı olacaqlar.
İsveçli ekspertlər əlavə ediblər ki, davam edən silahlı münaqişələr də qiymətlərə əlavə təzyiq göstərir.
Onlar xüsusilə Ukrayna taxılının və Rusiya gübrələrinin ixracı ilə bağlı problemləri, eləcə də Hörmüz boğazında gəmiçiliyin bloklanmasını qeyd ediblər.
Əliyar Xəlil
Globalinfo.az