Pasinyan Putin

Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev deyib ki, alyansla Ermənistan arasında heç bir münaqişə yoxdur.

“Ermənistanla KTMT arasında münaqişə kimi bir şey yoxdur. Bunun 2021-ci ildən bəri davam etdiyini demək də səhvdir”, – Vasilyev bildirib.

Bununla belə, KTMT-Ermənistan münasibətlərində gərginlik olduğu iddia edilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Ermənistan KTMT-dəki fəaliyyətini 2024-cü ildən etibarən dondurub:

Ermənistan bu addımını Rusiyanın kollektiv təhlükəsizlik öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırır. Belə ki, 2021-2022-ci illərdə baş verən Ermənistan-Azərbaycan sərhəd toqquşmaları bu iddia üçün “əsas” təşkil edir. Halbuki heç də əsaslı arqument deyil. Çünki həmin dövrdə hadisələr delimitasiya olunmamış sərhəddə baş vermişdi və bu, Rusiyanın KTMT mexanizmlərini işə salması üçün əsas vermirdi.

İstənilən halda bu, Ermənistanın Avrointeqrasiya siyasətini irəli aparmaq üçün mühüm amilə, bəhanəyə çevrildi. Ermənistan bu arqumentini “uğurla” istifadə edir. Bu fonda Ermənistan Parlamentində Aİ-yə üzvlüyə dair qanunun qəbul edilməsi Rusiyadan daha ciddi təzyiqlər doğurdu.

sehla celilzade e1755003028631

Şəhla Cəlilzadə

Politoloq deyib ki, Ermənistanın KTMT-dəki fəaliyyətini dondurması Rusiya ilə münasibətlərinə ciddi təhdid doğurmur:

“Hətta Viktor Vasilyev qarşıdakı sessiyada Ermənistanın bəzi üzvlük hüquqlarından məhrum ediləcəyini deyərkən ölkələr arasında yüzillərə dayanan tarixi dostluqdan bəhs etdi.

Rusiya üçün strateji əhəmiyyət daşıyan amillər bunlardır: Gümrüdəki hərbi baza, Ermənistan iqtisadiyyatında və kritik infrastrukturunda Rusiya təsirinin mövcudluğu, Ermənistanın Avrasiya İqtisadi Birliyində üzvlüyü. Odur ki, son telefon danışığında Paşinyan Putini əmin etdi ki, Ermənistanın AİB-dən çıxmaq niyyəti yoxdur. Lakin Ermənistan AİB-dən çıxarsa, o zaman Rusiya təzyiqini öz üzərində hiss edəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: