Makrondan Putinə xüsusi mesaj: Telefon nömrəm dəyişməyib

Fransa Prezidenti Emmanuel Makron deyib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna münaqişəsinin həllinə dair ciddi təklifləri olarsa, beynəlxalq hüquqa uyğun sülh yolu ilə həllə nail olmaq mümkündür.

“Fransa həmişə olduğu kimi dəstək verəcək və nəticə əldə etmək üçün səylərini əsirgəməyəcək. Telefon nömrəm dəyişməyib” Makron deyib.

Maraqlıdır, Fransa Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsində hansısa dəstək verə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Fransanın Ukraynada sülhün əldə olunmasına ciddi töhfə verəcəyini düşünmürəm:

“Bunun üçün Fransa hakimiyyətinin lazımi gücü, xarizması yoxdur. Rəsmi Paris sadəcə olaraq Avropa İttifaqı daxilindəki rolundan istifadə edə bilər. Hərçənd bunun da effektiv olacağına inanmıram.

Kənan Novruzov

Məsələ ondan ibarətdir ki, Ukraynaya dəstək və xüsusilə bu dövlətin Aİ-yə üzvlüyü ilə bağlı olaraq bu gün Aİ daxilində ziddiyyət yaranıb. Bunun gələcəkdə parçalanmaya səbəb olacağı və ya fikir ayrılıqlarının nəticəsində Aİ-nin tamamilə “dişsiz” təşkilata çevriləcəyi istisna deyil. Bu isə öz növbəsində rəsmi Parisin nüfuzunu bir az da azaldacaq. Çünki bu gün Fransa Aİ-yə görə nüfuzunu qoruya bilər. Təkcə kolonealizm siyasətinin özü onu deməyə əsas verir ki, Fransa heç bir regiona sülh gətirmək iqtidarında deyil.

İkincisi, Makron mücərrəd danışıb. Maraqlıdır o, “ciddi təkliflər” deyəndə nəyi nəzərdə tutur? Rusiya hazırda güzəştə gedənə oxşamır. Düşünürəm ki, hazırkı situasiyada müharibənin taleyini müəyyənləşdirə biləcək iki qüvvə var: ABŞ və bütövlükdə Aİ. Müharibənin nəticəsi məhz Ukraynaya dəstəyin səviyyəsindən, davamlılığından asılıdır. Bir şeyi başa düşmək lazımdır ki, Kreml məcbur olmadıqca danışıqlara getməyəcək. Ukrayna isə axıra kimi mübarizə aparmağa məcburdur”.

Turan Rzayev
Globalinfo.az