Makron Fransanın “sirrini” açdı: Ermənistana görün nə üçün silah satırmış…

Fransa Cənubi Qafqaz siyasətində korrektə etmək istəmir. Belə ki, Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi İcmasının Zirvə toplantısında Ermənistanın hərbləşdirmə siyasətinə haqq qazandıran və Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirən fikirlər səsləndirib.

Makron deyib: “Fransa ona görə Ermənistana hərbi texnika göndərir ki, bu ölkə özünü xarici hücumlardan qoruya bilsin”. Bu bir daha Fransanın regionda gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin nümunəsidir.

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, torpaqlarımız 30 ilə yaxın bir müddətdə işğal altında olanda Ermənistanın qorunması Fransanın yadına düşmürdü:

“Rəsmi Paris torpaqlarımızın 20 faizinin işğalını “reallıq” kimi qəbul edirdi. Elə ki, Azərbaycan torpaqlarını azad etdi, ərazi bütövlüyünü təmin etdi, Fransa əl-ayağa düşdü, haray salmağa başladı ki, Ermənistanı qorumaq lazımdır. Ermənistanı Azərbaycanla sülhə təşviq etmək əvəzinə, konstitusiyada başqalarının ərazisinə iddianın beynəlxalq hüquqa zidd olduğunu anlatmaq əvəzinə, Paris gücsüz İrəvana sanki belə mesaj göndərir ki, “möhkəm ol, Azərbaycan və Türkiyə ilə razılaşma, silah-sursatı biz göndərəcəyik”.

Makron deyib ki, Baş nazir Nikol Paşinyanın Azərbaycana hücum etmək planı yoxdur. Bunu bilmək üçün münəccim olmaq lazım deyil. Paşinyan o durumda deyil ki, bu haqda düşünsün. O, İkinci Qarabağ müharibəsində elə zərbə alıb ki, yeni müharibəyə gücü yoxdur.

Makron deyir ki, 2020-ci ildə Azərbaycan “dəhşətli” müharibəyə başlayıb. Makron unudur ki, onun “dəhşətli” adlandırdığı müharibə Azərbaycan ərazisində baş verib, məqsəd separatizmə və işğala son qoymaq olub. Azərbaycanın separatçılara qarşı mübarizə aparmaq, ərazisini işğaldan azad etmək haqqına sahibdir. Beynəlxalq hüquq da bunu diktə edir”.

Turan Rzayev
Globalinfo.az