“İran və ABŞ açıq regional müharibəyə qoşulmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Beyrutda nəşr olunan “Azdak” qəzetinin baş redaktoru Şaan Qantaxaryan deyib.
İsrail və Hizbullah arasında müharibə məsələsində qırmızı xətlər hələ tam keçilməyib. Ona görə də, açıq müharibə ehtimalı çox azdır. Bu qırmızı xətlər İran və ABŞ-ın hesabına stabil qalır. Hesab edirəm ki, müharibə proksi qüvvələr vasitəsilə aparılacaq. Çünki İran müharibə istəmədiyini bəyan edib. Eyni zamanda Tehran bildirib ki, Hizbullah təkbaşına İsrailə müqavimət göstərmək iqtidarında deyil. Bu o deməkdir ki, müharibənin bundan sonrakı gedişatı İrandan asılıdır.
O, İsrailin Livanın cənubunda bufer zona yaratmağa çalışdığını istisna etməyib.
“İsrailin şimalındakı əhalinin döyüşlər səbəbindən artıq köçkün olması faktına cavab kimi Livan əhalisini cənubdan köçürmək əsas məqsədlərdən biridir. Bu amildən israilli girovların azad edilməsi üzrə danışıqlarda istifadə oluna bilər. Livan artıq siyasi qeyri-müəyyənlik və dərin maliyyə-iqtisadi böhran vəziyyətindədir. Hibrid müharibə daxili qeyri-müəyyənliyin artmasına səbəb olur və cənub bölgələrindən məcburi köçkünlərin sayı artır. Bütün bunların fonunda ölkədən əhalinin, xüsusən də gənclərin axını müşahidə olunur”, – deyə Qantaxaryan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az