Kremlin “xətt”i keçildi – Rusiya genişmiqyaslı müharibə başlayır?

Çexiyanın xarici işlər naziri Yan Lipavski Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukrayna üçün istifadəsini təsdiqlədiyini açıqlayıb. Bu, uzun müddətdir müzakirə olunan məsələ idi. Hətta Rusiyanın bunun qarşılığında hərbi əməliyyatlara əl atacağı da proqnozlaşdırılırdı.

Proses Rusiyanı yeni münaqişəyə sürükləyəcəkmi?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Aİ-də Rusiya aktivlərindən Ukraynaya yardım edilməsi ilə bağlı razılaşma əldə edilib:

“Qərara görə, həmin aktivlərdən gələn vəsaitin 90 faizi Avropa İttifaqının Sülh Fonduna, 10 faizi isə Ukraynaya yardım üçün Avropa İttifaqına köçürüləcək. Rusiyanın dondurulmuş aktivlərinin həcmi 300 milyard dollardır. Onlardan gələn dividentlər kifayət qədər böyük məbləğ olsa da, Ukraynadakı vəziyyəti düzəltmək üçün yetərli deyil. Çünki Rusiya-Ukrayna savaşında söhbət artıq yüz milyard dollarlıq vəsaitdən gedir. Bu məbləği indiyə kimi ABŞ və digər Qərb ölkələri ödəməyə çalışıblar. Lakin son proseslər məsələnin bir qədər ləngidiyini göstərir. Yardımların azalması səbəbindən Rusiya təşəbbüsü ələ alıb”.

Politoloqun sözlərinə görə, Rusiya və Qərb arasında gedən savaşda bütün variantlardan istifadə edilib:

“Ukraynaya dəymiş ziyan kontekstindən dəyərləndirildikdə bir qədər ədalətli görünsə də, beynəlxalq hüquqa nə qədər uyğun olub-olmadığı müzakirə mövzusudur. Kreml öz aktivlərinin istifadə olunmasına kifayət qədər sərt reaksiya verir. Lakin Rusiya Ukrayna cəbhəsində bütün imkanlarını səfərbər etdiyi üçün genişmiqyaslı münaqişə gözlənilmir”.

Safura Bənnayeva
Globalinfo.az