Kremlin minnəti türk liderini dilə gətirdi: Tokayev sirr pərdəsini araladı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yerli nəşrə son müsahibəsində “Qazaxıstanda 2022-ci ildəki iğtişaşlar zamanı Astana Rusiyaya deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib” cümləsini işlədib.

Onun bu ifadəsi diqqət çəkib. Bəzi ekspertlər hesab edir ki, bu, Moskva ilə Astana arasındakı soyuqluğun davam etməsi ilə bağlıdır.

Maraqlıdır, Kreml ilə Astana arasında həqiqətən də soyuqluq var? Tokayevin ifadəsinin pərdə arxasında yatan mesaj nədir?

Elxan Şahinoğlu

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Rusiyadakı siyasi və ekspert dairələri bir il ərzində Tokayevə “Rusiyanın dəstəyi olmasaydı, Qazaxıstanda hakimiyyət devriləcəkdi” şəkildə minnət qoyması görünür artıq onu bezdirib:

”Rusiyadakı dairələr bu minnəti ona görə tez-tez səsləndirirdilər ki, Qazaxıstan prezidenti yanvar hadisələrindən sonra Qərblə əməkdaşlıqdan imtina etməli və Kremlin istəyi üzərinə Donbası və Krımı Rusiya ərazisi kimi tanımalı idi. Lakin Tokayev bunu etmədiyi kimi televiziya ekranları qarşısında Kreml sahibi Vladimir Putinin üzünə dedi.

Əslində hadisələrin sonrakı inkişafı göstərdi ki, Tokayevin iğtişaşlar zamanı heç KTMT qüvvələrinə də ehtiyacı yox idi, onları dəvət etmək tələsik qərar idi. Görünür, Tokayev hakimiyyətdəki bir qrupun da iğtişaşlarda əli olunduğundan şübhələndiyindən kənar dəstəyə ehtiyac duyub. Ancaq Tokayev KTMT qüvvələri olmadan da ölkədə sabitliyi qısa müddətdə bərpa etdi. Tokayevin müsahibəsindəki “KTMT-nin sülhməramlı kontingenti Qazaxıstanda antiterror əməliyyatında iştirak etmədi və bir dəfə də olsun atəş açmadı” cümləsi də bundan xəbər verir”.

Turan Rzayev
Globalinfo.az