Kreml sükutu pozdu: Paşinyan KTMT ilə bağlı verdiyi açıqlamaya görə…

Nikol Paşinyan “France 24”ə müsahibəsində Ermənistanın Rusiyanın hakim olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı dondurduğunu elan etdi. Rusiya tərəfi təcili surətdə Nikol Paşinyandan məlum açıqlamaya aydınlıq gətirməsini istəyib. Paşinyan isə hələlik məsələyə reaksiya verməyib.

Maraqlıdır, Paşinyan Kremlin sualına necə cavab verəcək? Onun cavabı Kremli qane etməsə, nə baş verəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Paşinyanın bu vəziyyətdə iki çıxış yolu var:

“O, birinci halda Kremli sakitləşdirəcək açıqlama verərək, KTMT-dən uzaqlaşmanı və ayrılmanı ağrısız və tədricən həyata keçirməyə çalışacaq ki, bu, zaman alacaq.

Paşinyan ikinci halda məsələni köklü şəkildə həll etməyə çalışacaq və KTMT-dən ayrılmanın anonsunu verəcək ki, Kremlin zərbələrini Fransa ilə birgə dəf edə bilsin”.

Politoloq deyib ki, Paşinyan tələsdiyinə görə, ikinci varianta üstünlük verə bilər:

“Çünki Paşinyanda belə qənaət var ki, bölgədə yeni toqquşma olarsa Rusiya Ermənistanı qorumayacaq və Azərbaycan yeni hədəflərinə çatacaq. Ona görə də Paşinyan düşünür ki, o həm də zamanla mübarizə apardığına görə hadisələri qabaqlamalıdır. Paşinyan Parislə ortaq çalışmalar həyata keçirərkən Kreml də boş dayanmayacaq. Bununla yeni mərhələyə qədəm qoyuruq”.

Turan Rzayev
Globalinfo.az