Cənubi Qafqazda amansız mərhələ başladı – Hərbi müdaxilə gözlənilir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumu-2024 çərçivəsində təşkil olunan brifinqdə deyib ki, Rusiya Ermənistanla münasibətlərini yenidən gözdən keçirə bilər. Lavrov İrəvanın KTMT və regionda olan digər əməkdaşlıq formatlarına münasibət bildirməli olduğunu qeyd edib. Bir sıra erməni siyasətçiləri, deputatları, politoloqları Lavrovun bu çıxışını İrəvana açıq mesaj olaraq dəyərləndirirlər. Onun digər əməkdaşlıq formatı dedikdə Avrasiya İqtisadi İttifaqını nəzərdə tutduğu, Ermənistanın KTMT-dən çıxdığı halda, həmin platformadan kənarlaşdırlacağı iddia edilir.

Bəs belə bir şey mümkündürmü? Ümumilikdə Moskva İrəvana qarşı bundan sonra necə bir yol izləyəcək?

Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev deyib ki, əslində Qərb Nikol Paşinyanın əli ilə Kremli hədəf alır:

“Son illər, xüsusilə də Nikol Paşinyanın iqtidara gəlməsindən sonra İrəvanla Moskva arasında zaman-zaman müəyyən narazılıqlar yaranmağa başladı. Əslində, Ermənistan və Rusiya arasında gərginlik bu iki dövlətin bir-biri ilə mübarizəsinin tərkib hissəsi deyil. Gərginliyin əsas oyunçuları Qərbdə oturublar. Onlar bu gün Rusiya ilə dünyanın bir çox nöqtələrində olduğu kimi, Qafqazda da geopolitik bir müharibə aparırlar. Regionda Kremlə qarşı həmlələr əsasən Nikol Paşinyanın əli ilə həyata keçirilir. Bu günə kimi iki ölkə arasında gərginləşən münasibətlər fonunda Moskvadan İrəvana açıq mesajlar verildiyini düşünmürəm. Əksinə, hesab edirəm ki, hazırda açıq mesajları məhz Ermənistan tərəfi verir və nəticədə münasibətlər bu gün ən aşağı səviyyədədir”.

E.Abdullayev Moskvanın İrəvandan verilən son bəyanatlara qarşı sakitliyini qorumasının bir səbəbi olduğunu deyib:

“Moskva hər vəchlə çalışır ki, İrəvanla münasibətləri gərginləşdirməsin. Sergey Lavrov Ermənistana mesajları sərt deyil, yumşaq tərzdə verir.

Sergey Lavrov

Nəzərə almaq lazımdır ki, Rusiya heç də Ermənistandan çəkinmir. Sadəcə olaraq bu gün Ukrayna bataqlığından çıxa bilməyən Rusiya, Qərbin ona qarşı növbəti bir cəbhə açmasına bəhanə vermək istəmir. Lakin görünən budur ki, artıq Ermənistanla Rusiya arasında gedən mübarizə amansız bir mərhələyə qədəm qoymaq üzrədir. Bu isə nə Moskvaya, nə İrəvana, nə də ümumilikdə bölgəyə xeyir gətirməyəcək”.

Politoloq bildirib ki, Rusiya Ermənistana qarşı addımlara başlayarsa ilk hədəfi iqtisadiyyat sahəsi olacaq:

“Buna baxmayaraq geopolitik mübarizənin oyunçuları hələ də Rusiyaya qarşı müəyyən yeni cəbhələr formalaşdırmaqda maraqlıdırlar. Cənubi Qafqazda da bu cəbhənin önündə Nikol Paşinyan iqtidarı gəlir. Ermənistanın KTMT-dən çıxmaq istədiyini bəyan etməsi, Rusiyanın yaratdığı blokların Ermənistana heç bir xeyir verməməsi kimi bəyanatlar sonda Rusiya siyasətçilərini hövsələdən çıxaracaq. Bununla da Moskvanın İrəvana qarşı sərt tədbirlər görməsi üçün əsas yaranacaq. Düşünürəm ki, ilk addım kimi Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq embarqolar olacaq. Hətta lazım gələrsə, Rusiya Ermənistana hərbi müdaxilə də həyata keçirə bilər. Necə ki, biz bu nümunəni hazırda Ukraynada görürük. Hər halda proseslərin gedişatının necə olacağını zaman göstərəcək”.

Ayşən Mustafa
Globalinfo.az