Konstitusiya dəyişdirilir, parlament seçkilərinə gedilir – Rusiyaya qarşı demarş

“Ermənistan Baş naziri Nikol Paşinyan 2024-cü ilin aprel-may aylarında növbədənkənar parlament seçkiləri keçirərək həm Qərbin ölkədəki dayaqlarını möhkəmləndirmək, həm də Rusiyanın təsir dairəsini və ehtimal hakimiyyətə qarşı təzyiq imkanlarını minimuma endirmək istəyir”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, mövcud Ermənistan parlamentində Paşinyan əleyhdarlarının sayı çoxdur:

“Bu, həm Paşinyanı, həm də onu dəstəkləyən Qərbi ciddi şəkildə narahat edir. Çünki parlamentdə antiqərb və antipaşinyan görüşlü deputatların çox olması baş nazirin Qərbə inteqrasiya siyasətinə ciddi maneədir.

Qabil Hüseynli

Paşinyan buna görə növbədənkənar seçkilərə gedərək rəqiblərini, habelə müxalif partiyaları hazırlıqsız yaxalamaq istəyir. Bununla da o, tez-tələsik nəticələr ilə parlamentdə çoxluğu əldə etmək istəyir.

Paşinyan həm də onun fərqindədir ki, Rusiya onu hakimiyyətdən uzaqlaşdırmaq istəyir. Buna görə də mövqelərini gücləndirməyə, ehtimal müdaxiləyə qarşı siyasi dəstək qazanmağa çalışır.

O ki qaldı Paşinyanın konstitusiya dəyişikliyi etməsinə, bu da mümkündür. Mövcud ölkə konstitusiyasında bir çox şey dəyişilməlidir. Bu, həm də Qərbin tələbidir. Paşinyan da buna görə konstitusiya dəyişikliyinə gedəcək”.

Turan Rzayev
Globalinfo.az