Təqaüddə olan Kanada Hərbi Hava Qüvvələrinin general-mayoru Skott Klensi NATO ilə Rusiya arasında müharibənin artıq başladığını bildirib. Onun sözlərinə görə, NATO faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir.
General qeyd edib ki, Alyans bu qarşıdurmadan yayınmağa çalışır, çünki genişmiqyaslı müharibəyə tam hazır deyil.
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya-Ukrayna müharibəsi davam etdikcə Kremlin NATO ölkələri ilə birbaşa toqquşma ehtimalı da artır:
“Artıq müharibənin beşinci ili davam edir və hələ də atəşkəsə nail olunmayıb. Əksinə, gərginlik artan xətt üzrə davam edir. Üstəlik, Rusiyaya məxsus dronların Polşa və Baltik ölkələrinin hava məkanına daxil olması ilə bağlı hallar qeydə alınıb. Eyni zamanda, Avropada Rusiyanın casus şəbəkələri ilə əlaqələndirilən müxtəlif insidentlərin baş verdiyi bildirilir.
NATO ölkələri isə Ukraynaya dəstəyini getdikcə artırır. Artıq tərəflər birgə hərbi texnika istehsalı istiqamətində də əməkdaşlıq edirlər. Müharibə uzandıqca Rusiya ilə NATO arasında birbaşa toqquşma ehtimalı yüksəlir. Hərbi təyyarələrin zaman-zaman bir-birinə həddindən artıq yaxınlaşması da qarşıdurma riskini artırır.
Lakin klassik mənada NATO-Rusiya müharibəsinin başladığını hələ demək olmaz”.
Turan Rzayev
Globalinfo.az