Ukraynanın məcburetmə əməliyyatı: “Putindən gizlədirlər, o ərazilər də itirilib”

Ukrayna ordusunun Kurska daxil olması fonunda Rusiyanın gözlənilən qədər ciddi addım atmaması diqqət çəkib.

Bir çox ekspertlərin fikrincə, Rusiya hazırda Donetskdə mühüm strateji əhəmiyyətə malik əraziləri ələ keçirməklə məşğuldur. Bütün qüvvəsini o istiqamətdə cəmləşdirdiyindən Kurskda uğur qazana bilmir.

Moskva Donetsk qarşılığında Kursku itirməyi gözə alıb? Ümumiyyətlə, Kurskda niyə uğur qazana bilmir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Rusiya qoşunlarını Donetskdən geri çəkməyəcək:

“Ukrayna Baş Qərargahının hazırladığı əməliyyatın əsas hədəflərindən biri məhz bu idi. Kiyevin planına görə, gözlənilməz hücumdan sonra Rusiya Donetsk və Xarkov istiqamətindən əsas qüvvələrini geri çəkərək Kurska yönəldəcəkdi. Lakin Rusiya ordusu müəyyən texnika və o qədər də peşəkar olmayan kiçik hissələri Kurska cəmləyir. Ukraynanın gözləntiləri hələlik effektiv olmadı. Doğrudur, Xarkov və Zaporojye istiqamətində olan rus ordusu oradan Kurska göndərilib. Amma Donetskdə belə bir hal müşahidə olunmur. Vilayətin ən strateji bölgələri xüsusilə də Casov Yar şəhəri hələ də intensiv hücumlara məruz qalır. Rusiya ən yüksək nöqtədə yerləşən bu şəhəri işğal edərsə, Ukraynanın içlərinə doğru rahat irəliləmək imkanı qazanacaq. Kreml Donetskin bütün inzibati sərhədlərini işğal etməklə məsələni bağlamaq niyyətindədir”.

Politoloqun sözlərinə görə, Ukrayna Kurska hücum etməklə Rusiya ordusunun həm Donetsk, həm də Xarkova təzyiqlərindən qurtulmağa çalışır:

“Kiyev Kurskda ələ keçirilən ərazilərə nəzarəti uzun müddət saxlaya bilərsə, danışıqlar masasında Rusiya əleyhinə istifadə edəcək. Ona görə də Moskva müəyyən qüvvələri cəlb etməklə Ukrayna ordusunu Kurskdan çıxartmağa çalışır. Lakin onların ehtiyatları o qədər çox deyil. Həmin əraziləri nə qədər əllərində saxlaya biləcəkləri isə sual doğurur. Kreml bunun fərqindədir.


Natiq Miri

Digər tərəfdən Ukrayna ordusunun irəliləmə sürəti də zəifləyib. İlk hücum zamanı uğur qazanmalarının səbəbi qəfildən hərəkətə keçmələri və onların qarşısını almaq üçün müdafiə istehkamlarının olmaması idi. Lakin artıq rus ordusu Kursk, Bryansk və Belqorodda müəyyən müdafiə istehkamları yaratmağa başlayıb. Bu isə Ukrayna ordusunun sürətini azaldıb. Rəsmi Kiyevin başqa istiqamətlərə yayılmaq imkanı yoxdur. Cəbhəni genişləndirmək üçün canlı qüvvələrə, texnika və artilleriyaya ehtiyac var. Buna görə də hazırda ələ keçirdiyi əraziləri istehkamlara çevirərək saxlamağa çalışacaq”.

Politoloq Ukraynaya kifayət qədər “F-16” qırıcılarının verilmədiyini bildirib:

“Avqustun sonu, sentyabrın əvvəllərinə qədər bu texnikaların sayının artması gözləniləndir. Ukraynanın Rusiyanın logistik təchizat yolunu kəsmək üçün Krım körpüsünə hücum planı hazırlaması da istisna deyil. Bu əməliyyat baş tutar, körpü keçilməz hala gələrsə, müharibə ərzində Rusiyaya vurulmuş ən böyük zərbələrdən biri olar.

Hələlik Rusiya Prezidenti Vladimir Putinə təqdimatda Kurskun 28 yaşayış məntəqəsinin işğal olunduğu deyilsə də, əslində bu sayın 44-dən çox olduğu bildirilir. Müxtəlif sosial şəbəkələrdə də bu məlumat təsdiq olunur. Miqyas çox böyük olduğu üçün reallıq Rusiya liderindən gizlədilir. Hətta Ukraynanın 1000 kvadrat kilometr əraziyə qədər irəlilədiyinə dair məlumatlar var”.

Safura Bənnayeva
Globalinfo.az