Rəsmən elan edilməsə də, Ukraynada Üçüncü Dünya müharibəsi gedir. Faktiki olaraq bütün dünya ilə təkbətək qalan Rusiya geri çəkilənə oxşamır. Müharibə özü ilə inflyasiya, sanksiyalar, aclıq və böhran da gətirir. Proseslər hazırda elə mərhələdədir ki, sülhdən, müharibənin dayandırılmasından danışmaq sadəlövhlük olardı. Qərb cəbhəsini təmsil edən ölkələrin özləri də iki cəbhəyə bölünüblər. Qərb mediasında şərti olaraq “sülh partiyası” adlandırılan ölkələr qrupu döyüşlərin dayandırılmasını və mümkün qədər tez danışıqlara başlanmasını istəyirlər. “Sülh partiyası”na daxil olan Almaniya atəşkəsə çağırır, İtaliya siyasi tənzimləmə üçün dördfazalı plan təklif edir, Fransa “Rusiyanı təhqir etməyən gələcək sülhdən” danışır.
Globalinfo.az “Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsi təqdim edir:
İkinci düşərgəni isə “ədalət partiyası” adlandırırlar. Onların fikrincə, Rusiya bu müharibəyə görə ağır bədəl ödəməlidir. Onlar hesab edirlər ki, Rusiyanı müharibənin başladığı vəziyyətinə qayıtmağa məcbur etmək lazımdır. Bu qrupa Polşa və Baltik ölkələri, Britaniya daxildir.
Bəs Amerika? ABŞ Ukraynadakı müharibəyə indiyədək 14 milyard dollardan artıq pul xərcləyib. Konqres Ukraynaya hərbi yardımlar şəklində daha 40 milyard dollar ayırıb. Vaşinqton Ukraynaya hərbi dəstək üçün 40-dan çox ölkəni də səfərbər edib. Belə bir vəziyyətdə ABŞ özünün strateqi, keçmiş dövlət katibi Henri Kissincer vasitəsilə cəmiyyətə müəyyən mesajlar ötürür. Bu mesajda qeyd edilir ki, Rusiya-Ukrayna münaqişəsinin yeganə həlli Ukraynaya neytral statusun verilməsi ola bilər. O, bu fikrini “Liderlik: Dünya Strategiyasının Altı Dərsi” kitabında ifadə edib. “Foreign Affairs” nəşri də həmin kitabdan sitatlar gətirib. ABŞ və Qərbin bir neçə onilliyə dayanan strateji hədəflərinin müəyyənləşməsində müstəsna xidmətləri olan Henri Kissincer Ukraynanın bir hissəsinin Rusiyaya verilməsi təklifi ilə çıxış edib. Onun sözlərinə görə, Ukrayna NATO-ya daxil olanda alyansın sərhədi Moskvadan 300 mil məsafədə olacaq. O, həmçinin qeyd edir ki, geniş ərazisi olduğu üçün Rusiya “daimi etibarsızlıq hissindən” əziyyət çəkir.
Lakin Kissincer kitabında izah etmir ki, Ukraynaya neytral status verilərsə, onun təhlükəsizliyi necə təmin oluna bilər. Kissincer bildirib ki, Rusiya və Ukrayna müharibədən əvvəlki status-kvoya qayıtmalıdırlar. Bir faktı qeyd edək ki, Kissincer dekabr ayında “Spectator” jurnalı üçün yazdığı məqalədə qalmaqallı bir etiraf etmişdi. Bildirmişdi ki, Ukrayna və Rusiya hərbi əməliyyatlar və ya danışıqlar yolu ilə münaqişəyə son qoya bilməsələr, mübahisəli ərazilərdə öz müqəddəratını təyinetmə referendumları keçirilə bilər. Onun bu mövqeyi dərhal Ukraynada etirazla qarşılanmışdı. Ukrayna tərəfi hesab edir ki, Kissincer münaqişə ilə bağlı tam məlumatlı deyil. Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, amerikalı diplomat Ukrayna münaqişəsinin mahiyyəti və onun hazırkı dünya nizamına necə təsir etdiyi barədə heç nə başa düşmür. “Cənab Kissincer hələ heç nə başa düşməyib. Nə bu müharibənin mahiyyətini, nə də onun dünya nizamına təsirini”, -deyə ukraynalı siyasətçi bildirib. Podolyak Kissincerin sülh təkliflərini Ukrayna torpaqlarının bir hissəsinin “təcavüzkara qurban verilməsi kimi” dəyərləndirib. Həmçinin, Ukrayna prezidentinin ofisinin rəsmisi vurğulayıb ki, böhrana son qoymaq üçün yeganə doğru variant Ukraynanın bütün ərazilərinin azad edilməsi, Rusiyanın hərbi cinayətkar kimi beynəlxalq məhkəmədə mühakimə olunması və Moskvanın vurulan ziyanlara görə Kiyevə təzminat ödəməsi ola bilər.
Kissincerin qalmaqallı fikirlər hansı anlama gəlir? Bu şəxs “realpolitika”nın – gücə, real şərait və imkanlara əsaslanan siyasətin nümayəndəsidir, dünyada “nəyin bahasına olursa-olsun sabitlikdə” maraqlıdır. Kissincer həm də Çinlə yaxınlaşmanın tərəfdarıdır. Lakin hazırda bu düşüncə sxemi köhnəlib və işləmir.
Yeri gəlmişkən, Kissincer Rusiyanın məğlubiyyətini qeyri-real və qorxulu hesab edir. O, müharibənin daha ağır gərginliyə səbəb olmaması üçün danışıqların iki ayın içərisində başlanmalı olduğunu bildirib.
ABŞ-dakı “Atlantic Council” araşdırma mərkəzinin keçirdiyi sorğunun nəticələri isə Kissincerin fikirlərini alt-üst edir. Orada ekspertlərin az qala yarısı Rusiyanın yaxın on ildə müxtəlif müstəqil hissələrə parçalanacağını və bir dövlət kimi məhv olması ehtimalının yüksək olduğunu bildiriblər. Nəticələri “Financial Times” qəzeti tərəfindən dərc olunmuş sorğuda beynəlxalq siyasət və iqtisadiyyat sahəsində tanınmış 167 ekspertin yarısı Rusiyanın yaxın onillikdə çökməsinin və dövlət kimi fəaliyyətini dayandırmasının mümkün olduğunu deyib. Rusiyanın bir dövlət kimi funksiyasını itirə biləcəyinə rəyi soruşulan ekspertlərin 21 faizi inandığını deyib. Sorğuda iştirak edən ekspertlərin 40 faizi düşünür ki, Rusiyada siyasi böhran inqilab, vətəndaş müharibəsi və ya ölkənin parçalanması nəticəsində baş verə bilər.
“FT” yazır ki, bu sorğuda avropalı ekspertlər amerikalı həmkarlarından daha pessimist proqnoz veriblər. Avropa ekspertlərinin 49, ABŞ ekspertlərinin isə 36 faizi Rusiyanın çökə biləcəyini düşünür. Respondentlərin 14 faizi Rusiyanın yaxın on ildə nüvə silahına əl ata biləcəyini düşünür. Ekspertlərin Rusiyanın bir dövlət kimi hüquqi və fiziki yox olmasının mümkünlüyünü bildirən 10 faizi qeyd edir ki, adətən avtoritar dövlətlərdə baş verən qarışıqlıqdan 10 il sonra dövlətin demokratik inkişaf yolu başlanır.