Kılıçdaroğlunun Azərbaycan haqda skandal planı – Yeni detallar bəlli oldu

Türkiyə az qalsın hər şeyi ilə Azərbaycanı ciddi təsirləndirir. İdmanından siyasətinə, təbii fəlakətdən terror hadisəsinə, filmindən musiqisinə qədər diqqət mərkəzimizdədir.

Türkiyə siyasəti ilə daha çox maraqlanırıq. 14 mayda keçiriləcək prezident və parlament seçkiləri Azərbaycanda ciddi fikir dartışması yaradıb. Seçkilər sanki burada – Azərbaycanda baş tutacaq. Bunun əsaslı səbəbi var. 14 may seçkiləri Azərbaycanın taleyinə ciddi təsir göstərəcək. İkinci Qarabağ müharibəsindən sonra Türkiyədə keçiriləcək ilk seçkidir. 2020-ci ildən üzübəri iki ölkə arasında xeyli yaxınlaşma baş verdi. Rəsmi müqavilələr bağlanıb, “Şuşa Bəyənnaməsi” kimi mötəbər sənəd var. Nə olacaq, necə olacaq, deyə düşünürük.

***

Millət İttifaqının prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğlu seçkiöncəsi “böyük layihəsi”ni təqdim edib. Prezident seçiləcəyi təqdirdə reallaşdıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqda video-çıxış paylaşıb. Onun təqdim etdiyi xəritə azərbaycanlıları xəyal qırıqlığına uğradıb, rahatsız edib. İnsanlarımız deyir ki, Türkiyədə CHP-nin və müttəfiqlərinin iqtidara gəlməsi bizə yaxşı perspektiv vəd etmir. Azərbaycanlılar sadə məntiqlə düşünürlər. Deyirlər, dünyada əsas müttəfiqimiz Türkiyə bizə arxa çevirsə, sonumuz necə olar? Ona görə də bu ölkənin siyasətinə bu qədər həssas yanaşırıq. Oranın siyasətçilərindən, dövlət adamlarından umacağımız çoxdur.

***

Azərbaycan-Türkiyə münasibətləri buralara asanlıqla gəlib çıxmayıb. Bu tarix Çaldıran döyüşünün qara ləkəsini üzərindən təmizləyənə kimi neçə iqtidarlar, neçə quruluşlar, neçə dövlət və hökumət başçıları dəyişib. Əsrlər bir-birini əvəzləyib. Zehniyyət dəyişikliyi, düşüncə inqilabı baş verib bunun arxa plana keçirilməsi üçün. Qərb son onilliklər boyu müəyyən qüvvələrin əli ilə Türkiyə-Azərbaycan münasibətlərini zədələməyə çalışıb. Tarixin müəyyən periodlarında buna nail olub.

“Sürix protokolu” adlandırılan bədnam sənədi unutmamışıq. Qərb – ABŞ və Avropa Türkiyənin ovaxtkı bəzi məmurlarının vasitəsilə Ermənistanla sərhədləri açmağa hesablanan bir prosesə start verdi. Prezident İlham Əliyevin iradəsi və qətiyyətli davranışı, sərt mövqeyi, ovaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğanın zamanında doğru qərar verməsi bunun reallaşmasının qarşısını ala bildi. Burada Türkiyə-Azərbaycan aydınlarının, mediasının da böyük rolu olmuşdu.

Son illərdə iki ölkə münasibətlərində tarixdə olmayan yaxınlaşma baş verib. Bu, yalnız Ərdoğan-Əliyev yaxınlaşması deyil. Bu, təkcə iki xalqın qardaşlıq büsatı kimi də başa düşülməməlidir. Bu, tarixin yenidən yazılması, yaradılması və gələcək nəsillərə gözəl bir nümunə kimi ötürülməsidir. Bunun əsasını 100 il öncə Azərbaycan və Türkiyə aydınları qoyub. 100 ilin tamamında həmin hədəfi Əliyev-Ərdoğan siyasi birliyi, iradəsi reallaşdırır.

***

Ötən əsrin əvvəlindəki Azərbaycan istiqlalçı nəsli, Turançılıq ideologiyasının memarları bu xətti siyasi fəlsəfə kimi ortaya qoydular. Və Turan ideologiyasının bütün dünya türklərini, xüsusilə də Anadolu və Azərbaycan türklərini bir-birinə bağlayan əsas xətt olduğunu isbatladılar. Açığı, iki ölkənin yaxınlaşmasının bundan başqa yolu yox idi. Din, ümmət amili üzərindən birlik alınmırdı. Məzhəb fərqi və tarixi travma buna mane olurdu. Ona görə də siyasi Turançılıq ideologiyası bu işə ciddi töhfə verdi. Türk Dünyasının bu gün müşahidə etdiyimiz birliyinin nəzəriyyəsi ötən əsrin əvvəllərində yazıldı. Bünövrə o vaxt atıldı. 100 il vaxt lazım oldu ki, Azərbaycan və Türkiyənin liderliyində bu iş reallaşsın.

***

Kılıçdaroğlunun məlum çıxışı iqtisadi, logistik məsələdən çox, siyasi mesajdır. Əslində, onun dediklərinin reallaşması xeyli çətin görünür. Üstəlik, buna uzun zaman lazımdır. İran üzərindən belə nəhəng layihənin həyata keçməsinə, Çinlə birbaşa dəmiryolu xəttinin tikilməsinə Qərb dözümlü yanaşarmı? Bu tip layihələrin vəsaitini əsasən Avropa bankları ayırır. İndiki geopolitik şərtlər İrana belə avantaj qazandırmağa imkan tanımır. Bu, daha çox Azərbaycana verilən mesajdır. Kamal Kılıçdaroğlu Ərdoğanı dəstəkləməyimizin cavabını bu şəkildə qaytarır bizə.

“Mənim üçün Azərbaycan yoxdur” demək istəyib? Ola bilər. Zatən, CHP-də Azərbaycana, eləcə də türk ölkələrinin inteqrasiyasına bayılmırlar. Bu, onlar üçün sonuncu sırada gələn məsələdir. Bəlkə, heç sonuncu sırada da deyil.

Kılıçdaroğlunun bu çıxışı hər bir türkü yenidən düşünməyə vadar edir. Əminəm ki, Türkiyədə Millət İttifaqının prezidentliyə namizədinə səs verməyə hazırlaşan xeyli seçici tərəddüd içindədir. Türkiyəni Qərbin əlində alət etməyə hesablanan bir siyasi layihənin baş tutmasının qarşısını Türkiyə vətəndaşları əl və səs birliyi ilə əngəlləyə bilərlər.

Azərbaycansız nə Turan mümkündür, nə Türk Dünyasının birliyi. Bir zəhmət, xəritəyə baxın.

“Yeni Turanın açarı Azərbaycandır” – bu fikrin 100 ildən çox yaşı var və bir əsrdir həqiqət yükü azalmır, əksinə, artır.

Aydın Aslan
Globalinfo.az