ABŞ Prezidenti Donald Tramp Avropada davam edən etirazlar fonunda Fransa və İtaliya ilə bağlı mənfi proqnoz səsləndirib. O, kütləvi aksiyalara diqqət çəkərək bu ölkələrdə vəziyyətin pis olduğunu bildirib.
“Düzünü desəm, bu ölkələr hətta mövcudluqlarını belə qoruya bilməyə bilərlər”, – Tramp qeyd edib. ABŞ prezidentinin bu açıqlaması Avropanın gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Bəs Fransanı və İtaliyanı hansı təhlükələr gözləyir? Bu ölkələr real olaraq dövlət böhranı və parçalanma təhlükəsi ilə üzləşə bilərmi?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Donald Trampın Avropa ölkələrinə qarşı neqativ münasibəti bəllidir və o, zaman-zaman bu regionla bağlı bədbin proqnozlar səsləndirir:
“Son dövrlər artan etiraz aksiyaları fonunda biz bu proqnozları tez-tez eşidirik. Hesab edirəm ki, Trampın bu fikirləri şişirdilmiş və bir qədər də təbliğat xarakterli açıqlamalardır. Digər tərəfdən, o, bu fikirlərlə Avropa ölkələrini təzyiq altında saxlamaq istəyir.
Fransa, İtaliya və digər Avropa ölkələrində baş verən etiraz aksiyalarının obyektiv səbəbləri var. Həmin ölkələrin hakimiyyətləri də bu səbəbləri yaxşı bilirlər. Bu ölkələr zaman-zaman belə etiraz aksiyaları ilə üzləşiblər. Fransada cəmiyyətin etirazçı ruhu hər kəsə bəllidir. 60 il əvvəl Fransada baş verən tələbə hərəkatı ölkənin tarixi şəxsiyyətlərindən biri olan Şarl de Qollu istefaya məcbur etdi.
Adətən, bu kimi aksiyalar Avropada yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Məsələn, XX əsrin sonlarına qədər də belə aksiyalar baş verib və nəticədə müəyyən yeniliklər ortaya çıxıb.
Mən Fransa və İtaliyanın öz dövlətçiliklərini itirə biləcəyinə inanmıram. Bunun üçün hər hansı əsas yoxdur. Bu ölkələr əsrlərə söykənən tarixə və güclü dövlətçilik ənənələrinə malikdirlər”.

Oqtay Qasımov
Politoloq bildirib ki, Avropa hazırda özünün ən yaxşı dövrünü yaşamır:
“Mürəkkəb bir mərhələdən keçir. Bunun səbəbləri məlumdur. İkinci Dünya müharibəsindən sonra formalaşan təhlükəsizlik arxitekturası həssas vəziyyətə düşüb. Ukrayna müharibəsi də Avropa üçün əlavə yük yaradıb.
Avropanın bu vəziyyətdən çıxmaq üçün kifayət qədər potensialı var. Lakin siyasi elita hazırda zəifləyib. Elita güclü lider obrazı axtarışındadır. 2000-ci illərin əvvəllərində Avropa siyasi səhnəsində fəaliyyət göstərən liderlərin yerinə indi daha zəif liderlər gəlib. Güclü liderlərin ortaya çıxması, mövcud vəziyyətin obyektiv təhlil edilməsi və ondan nəticə çıxarılması Avropanın gələcəyi baxımından mühüm əhəmiyyət daşıya bilər.
Trampın bədbin proqnozlarını real hesab etmirəm”.
Turan Rzayev
Globalinfo.az