“Əsas hədəfimiz akvakultura üzrə illik istehsal həcmini mövcud 3 400 tondan 2030-cu ildə 7 700 tona çatdırmaqdır”.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Birinci Azərbaycan Regional Akvakultura Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu artım daxili bazarın yerli məhsullarla təminatının yaxşılaşdırılmasına, idxaldan asılılığın azaldılmasına və ixrac imkanlarının genişləndirilməsinə şərait yaradacaq:
“Dövlət başçısının 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” qarşıdakı dövr üçün əsas vəzifələri müəyyən edir.
Proqram çərçivəsində balıqçılıq sahəsinin hüquqi bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, idarəetmə və nəzarət mexanizmlərinin rəqəmsallaşdırılması, balıq ehtiyatlarının mühafizəsi və balıqartırma təsərrüfatlarının müasirləşdirilməsi nəzərdə tutulur.
Eyni zamanda, əlverişli istehsal zonalarının müəyyənləşdirilməsi, damazlıq potensialının gücləndirilməsi, akvakultura aqroparkının yaradılması, subsidiya və güzəşt mexanizmlərinin formalaşdırılması qarşıya məqsəd kimi qoyulub”.