“İsveç Rusiya ilə müharibəyə hazır olmalıdır” – Müdafiə nazirindən şok xəbərdarlıq

“İsveçdə də savaş baş verə bilər, xalqımız müharibəyə hazır olmalıdır”.

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsveçin mülki müdafiə naziri Karl Oskar Bohlin bildirib.

İsveçin 200 ildən çoxdur ki, müharibələrdə iştirak etmədiyini xatırladan Bohlin bunları deyib:

“Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropada təhlükəsizliklə bağlı vəziyyət daha da pisləşib. Rusiyanın sürətlə silahlanmasına çox ciddi yanaşmaq lazımdır. Təxminən 210 ilə yaxındır ki, sülh isveçlilər üçün ən böyük nemətdir. Lakin indi bu, belə deyil. Avropada təhlükəsizliklə bağlı vəziyyət pisləşib. Mən məsul bir nazir kimi bu faktı İsveç xalqına izah etməliyəm”.

Müharibə ehtimalını dilə gətirməklə ölkəsinin müdafiə qabiliyyətini artırmağın vacibliyinə diqqət çəkən Bohlin, Ukraynanın Rusiyaya qarşı müqavimətindən nümunə götürdüklərini də bildirib.

Globalinfo.az xatırladır ki, İsveçin NATO-ya üzv olması ilə bağlı intensiv müzakirələr gedir. Türkiyə veto hüququndan istifadə edərək, İsveçi Alyansa üzv olmağa qoymur. Buna səbəb ölkədə islamafobiyanın tüğyan etməsi, Türkiyəyə qarşı qərəzli mövqe sərgiləməsi göstərilir. Lakin son aylar İsveçlə Türkiyə arasında buzlar əriyir. Ankara ənənəvi mövqeyindən xeyli geri çəkilmiş kimi görünür. Ola bilsin, müdafiə naziri Karl Oskar Bohlin bu cür bəyanat verməklə ölkəsinin NATO-ya daha tez üzv edilməsinə çalışır.

Əliyar Xəlil
Globalinfo.az