sokuntu pul

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, Bakı və Sumqayıtla yanaşı, Gəncə, Naxçıvan və Masallıda da qəzalı və istismar müddətini başa vurmuş binaların sökülməsi və yenilənməsi nəzərdə tutulur. Söküntü zamanı sakinlərə pul kompensasiyası verilməsindən daha çox alternativ mənzillərlə təmin olunmasına üstünlük veriləcəyi bildirilir.

Vüqar Orucun açıqladığı bu plan regionlarda yaşayan sakinlər üçün nə vəd edir? Köhnə və qəzalı binaların sökülməsi prosesi nə vaxt və hansı meyarlarla həyata keçiriləcək?

Globalinfo.az-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib ki, sovet dövründə inşa edilmiş çoxmənzilli binaların təxminən 70 faizinin istismar müddəti başa çatıb:

“Bura əsasən beşmərtəbəli binalar, eləcə də bir çox memarlıq üslublu və digər layihələr əsasında tikilmiş yaşayış binaları daxildir. Xüsusilə ötən əsrin 1970-ci illərinin ortalarına qədər inşa edilən binaların istismar müddəti artıq bitib. Bu siyahı isə ildən-ilə genişlənir. Həmin binalar arasında qəzalı və yarımqəzalı vəziyyətdə olanlar da var. Xüsusilə Bakıda iki, üç və dörd mərtəbəli köhnə memarlıq üslublu binalar üstünlük təşkil edir. Belə binalara Gəncə və Sumqayıtda da rast gəlinir. Lakin çoxmənzilli binaların dövlət hesabına sökülməsi nadir hallarda həyata keçirilir və bu istiqamətdə genişmiqyaslı proqram nəzərdə tutulmayıb. Çünki dövlət büdcəsində bununla bağlı ciddi maliyyə planlaması yoxdur. Yalnız xüsusi hallarda, bina ciddi qəzalı vəziyyətə düşdükdə və ya dövlət əhəmiyyətli layihələr çərçivəsində söküntü işləri dövlət hesabına aparılır. Bu səbəbdən söküntü prosesinin əsasən özəl sektor tərəfindən həyata keçirilməsi nəzərdə tutulur”.

Ekspert bildirib ki, 2016-cı ildən rayon icra hakimiyyətləri öz ərazilərində yerləşən istismar müddəti başa çatmış, qəzalı və yarımqəzalı, həmçinin şəhərin müasir görünüşünə xələl gətirən və standartlara cavab verməyən binaların sökülməsi ilə bağlı sərəncam verirdi:

“Bu proses cəmi iki il davam etdi və həmin müddətdə ölkədə yüzlərlə yaşayış kompleksi inşa olundu. Lakin 2018-ci ilin iyulundan müvafiq səlahiyyətlərin Arxitektura Komitəsinə verilməsi ilə proses dayandırıldı. 2019-cu ildə isə Nazirlər Kabinetinin 86 saylı qərar ümumiyyətlə ləğv edildi. Digər bir nümunə kimi 2017-ci ilin aprelində qəbul edilən 83 saylı qərarı göstərmək olar. Həmin qərarla Birinci mikrorayonun sökülməsi nəzərdə tutulurdu. Buna baxmayaraq, doqquz il yarıma yaxın vaxt keçsə də, ərazidə söküntü işləri hələ də həyata keçirilməyib. Səbəb bu cür layihələrin iqtisadi baxımdan kifayət qədər səmərəli olmamasıdır. Yəni Nazirlər Kabinetinin qərarı və Fövqəladə Hallar Nazirliyinin rəyi olsa belə, söküntü layihələrinin iqtisadi cəhətdən də əsaslandırılması vacibdir.

Elnur Azadov 900x622 1

Elnur Azadov

Hazırda Bakı və Abşeron ərazisində istismar müddəti başa çatmış təxminən 20 min çoxmənzilli binanın olduğu bildirilir. Lakin onların yalnız çox az bir hissəsinin söküntü planına daxil edilməsi mümkündür. Bunun nə vaxt və hansı miqyasda həyata keçiriləcəyi isə qeyri-müəyyəndir. Nəzərə almaq lazımdır ki, Arxitektura və Şəhərsalma Komitəsinin 2019-cu ildən indiyədək verilən müvafiq sərəncamlarının sayı kifayət qədər məhduddur və bu sahədə müəyyən məhdudiyyətlər tətbiq olunur”.

E.Azadov qeyd edib ki, 2016-cı illə müqayisədə tikinti şirkətlərinin və bazar iştirakçılarının sayının ən azı 70-80 faiz azalacağı gözlənilir:

“Bu isə yaxın gələcəkdə tikinti icazələrinin məhdud sayda şirkətə veriləcəyi deməkdir. Bundan əlavə, yeni tikinti və şəhərsalma normaları, enerji resurslarına qənaət, karbon emissiyalarının azaldılması istiqamətində tətbiq olunan qanunvericilik və qaydalar da tikinti şirkətlərinin fəaliyyətinə təsir göstərir. Belə şəraitdə bu sektorda fəaliyyətini davam etdirəcək şirkətlərin sayı daha da azala bilər.

Söküntü prosesinin nə vaxt genişlənəcəyini indidən demək mümkün deyil. Bu, Arxitektura Komitəsinin tikinti şirkətlərinə müvafiq sərəncamları hansı vaxtdan kütləvi şəkildə verməyə başlamasından və mövcud məhdudiyyətlərin aradan qaldırılmasından asılıdır. Bu, həlli uzun illər çəkə biləcək problemdir. Gələcəkdə bu istiqamətdə dövlət siyasəti formalaşdırılarsa, tikinti şirkətlərinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılarsa və onların sayının artırılmasının iqtisadi əhəmiyyəti əsaslandırılarsa, kütləvi söküntü işlərinə başlamaq mümkündür”.

Ləman İmran
Globalinfo.az

Paylaş: