“İsraildən aldığımız Haroplar nə vaxtsa Tehrana tuşlansa, İran narahat ola bilər” – Zahid Oruc  

 

“Azərbaycanın İrana qarşı Qərblə əməkdaşlığı və ya ABŞ ilə danışıqları bu ölkə üçün nə ilə nəticələnə bilərdi, bunu hər kəs yaxşı anlayır”

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun Globalinfo.az-a müsahibəsi.

– Zahid bəy, son zamanlar İran ilə Azərbaycan münasibətlərində soyuq küləklərin əsdiyi hər kəsə məlumdur. Xüsusilə rəsmi Tehran hər vəchlə sərhədlərin dəyişməzliyini vurğulayır. Ümumiyyətlə, İran Azərbaycandan nə istəyir?

– İstər ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə, istərsə də cənab Prezident İlham Əliyevin iqtidarda olduğu müddətində Azərbaycan dövləti hər hansı bir ölkəyə qarşı ərazi iddiası irəli sürməyib. Təsadüfi deyil ki, bu siyasət 44 günlük Vətən müharibəsində qələbə qazanmağımızda ən böyük amil oldu. Biz hər zaman elə mövqe seçmişik ki, regional müstəvidə dövlətlərin ekspansiyasından yayınıb onların mümkün dəstəyini qazana bilək.

Son iki ildə biz İranın ölkəmizə qarşı mövqeyinin açıqca dəyişdiyinin şahidi oluruq. Son aylarda isə pik həddə çatdığını görürük. 30 il ərzində Arazı keçməyi məşq etməyən, tanklarının lüləyini Bakıya tuşlamayan İran indi simulyasiya proqramlarında ölkəmizi hədəfə alan məşqlər edir. O cümlədən bütün İran media resursları antiazərbaycan tezislər ilə təmin edilir.

İranın bütün bunları məhz gənc aktivist Məhsa Əminin ölümü sonrası milyonlarla insanın ayağa qalxıb İran hakimiyyətinə qarşı etiraz etdiyi bir zamanda etməsi diqqət çəkir. Görünür, İran etiraz aksiyalarından fikri yayındırmaq üçün ölkə xaricində yeni cəbhələr açır.

– Rəsmi Tehrandan fərqli olaraq Bakı bu günə qədər İrana qarşı qərbin, ABŞ-ın təşkil etdiyi sanksiyalara və ya koalisiyalara qoşulmayıb…

– Bu həqiqətən də belədir. Azərbaycan geridə qoyduğumuz 30 il ərzində rəsmi Tehrana qarşı Qərbin hücumlarında forpost olmayıb. İran hakimiyyətinin bütün bunları qiymətləndirməməsi çox pisdir. Normal düşüncəli hər kəs yaxşı başa düşə bilər ki, Azərbaycanın İrana qarşı Qərblə əməkdaşlığı və ya ABŞ ilə danışıqları bu ölkə üçün nə ilə nəticələnə bilərdi. Lakin biz heç vaxt buna yol verməmişik.

– Zahid bəy İranı Azərbaycanla bağlı ən çox narahat edən məsələ, şübhəsiz, İsrail ilə olan münasibətimizdir. Sizcə, Azərbaycan-İsrail münasibətləri İranı narahat etməlidir?

– Azərbaycanın İsrail ilə çox yüksək səviyyədə inkişaf edən münasibətləri var. İsrail ilə hərbi, iqtisadi, mədəni, siyasi səviyyədə əlaqələrimiz var. Bu əlaqələr də 44 günülük Vətən müharibəsində öz nəticələrini göstərdi. O ki qaldı Azərbaycanın İsraillə münasibətində İranın narahat olmasına, məgər biz İsraildən aldığımız Haropları bu günə qədər bir dəfə də olsun İrana tuşlamışıq? Əlbəttə ki, xeyir. Elə isə heç bir narahatlığa ehtiyac yoxdur.

– Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə iştirak etdi. Ölkə başçısının sammitdə çıxışı kifayət qədər diqqətçəkən məqamlar ilə yadda qaldı. Misal üçün, cənab Prezident çıxışı zamanı qeyd etdi ki, əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlı məktəblərdə öz ana dilində təhsil almaq imkanlardan məhrumdur…

–  Ölkə başçısı Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı faktiki olaraq Azərbaycan soydaşlarının hüquq və azadlıqlarını bir ideologiya kimi elan etdi. Prezidentin “Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməmələri üçün səylərimizi davam etdirəcəyik” sözləri də bunu təsdiqləyir.

Lakin ölkə başçısının bu sözləri heç bir halda İranın daxili işinə qarışmaq kimi qiymətləndirilə bilməz. Məsələ ondadır ki, beynəlxalq qanunvericilikdə insan haqları məsələsi daxili məsələ hesab edilmir. Faktiki olaraq İranda soydaşlarımıza qarşı insan haqları pozuntusuna yol verilir.

Bu gün İranda meydanlara toplaşan soydaşlarımıza həssas yanaşmalıyıq. Baxın, bizim dindarlarımız da artıq məsələyə reaksiya verir. Hörmətli Şeyx Həzrətləri də qeyd etdi ki, biz Allaha inanırıq, hansısa ölkənin yaratdığı dinə inanmırıq.

Nəticə etibarilə cənab Prezidentin verdiyi mesajları 44 günlük Vətən müharibəsi sonrası regionda formalaşan yeni reallıqlar, ölkəmizin strategiyası baxımından olduqca vacibdir.

Turan Rzayev,

Globalinfo.az