İran aktiv müharibəyə qoşulur – Fəlakət PLANI

İsrail və HƏMAS Qətər və Fransanın vasitəçiliyi ilə Qəzzaya humanitar yardım və tibbi vasitələrin çatdırılması üçün razılaşma əldə edib. Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Qəzza zolağındakı mülki şəxslərə, xüsusən də ən çox zərərçəkən bölgələrə yardımların çatdırılmasına icazə verilib.

Maraqlıdır, İsrail və HƏMAS arasında sülh sazişi imzalana bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, atəşkəsin bərpa edilməsi müsbət haldır:

“Razılaşmanın əldə olunması uzunmüddətli və sonda davamlı atəşkəsə nail olmaq istiqamətində ümidləri artırır. Amma bu istiqamətdə danışıqların aparılması barədə məlumat yoxdur. Həm İsraildən səsləndirilən bəyanatlar, həm də HƏMAS-ın ona cavabı deməyə əsas verir ki, tərəflərdən heç biri döyüş əməliyyatlarının tezliklə bitməsinə cəhd etmir.

İsrail HƏMAS-ı tamamilə məhv etmək, Fələsinin idarəçiliyindən uzaqlaşdırmaq istəyir. HƏMAS isə “ölmək ölməkdirsə, xırıldamaq nə deməkdir” prinsipini əldə rəhbər tutaraq sona qədər, son silahlısının məhv olmasına qədər mübarizə aparacağını bildirir. Digər tərəfdən İsrailin əsas məqsədinin İranın münaqişəyə cəlb edilməsi olduğunu nəzərə alsaq, döyüşlərin hələ uzun çəkəcəyi ehtimal olunur. Çünki HƏMAS-a qarşı hücumun və döyüş əməliyyatlarının dayandırılması İranın da geri çəkiləcəyi anlamına gəlir.

Əlimusa İbrahimov

Belə olan halda İsrail İranla bağlı öz məqsədlərinə çatmamış olur. Amma İranın tədricən fəal müharibəyə qoşulacağı barədə məlumatlar da öz təsdiqini tapır. İraqın, Suriyadakı ABŞ bazalarının İran tərəfindən bombalanması dediyimizi sübut edir. Deməli, İsrail və ABŞ-ın İranla bağlı planları artıq həyata keçmək üzrədir. Belə gedərsə, biz yaxın günlərdə HƏMAS-a qarşı müharibədə atəşkəsin əldə olunması deyil, daha böyük regional müharibənin başlanması ilə üzbəüz qala bilərik. Məhz bu baxımdan hesab edirəm ki, HƏMAS-la sülhdən danışmaq hələ tezdir.

Digər tərəfdən, müharibə ilə bağlı 2024-cü il büdcəsində dəyişiklik etmək İsrailin uzunmüddətli savaşa hazırlaşdığını da təsdiq edir. Hətta yəhudi dövləti 2023-2025-ci illərdə müharibə ilə bağlı əlavə 55.6 milyard dollar vəsait tələb olduğunu da hesablayıb və bu məbləğin haradan götürüləcəyi barədə layihələrə start verib”.

Turan Rzayev
Globalinfo.az