II Dünya savaşından sonra ilk yaşandı – “Rus ordusu 3 ölkəyə girə bilər”

NATO Rusiyanı “mühasirəyə” alır və onunla sərhədə nüvə bazası yerləşdirir. Bir qədər əvvəl Finlandiyanın yeni prezidenti Aleksandr Stubb ABŞ-a müraciət edərək, ərazisində nüvə silahı yerləşdirilməsini istəyib.

Bundan başqa, NATO Finlandiya, İsveç və Norveçin şimalında, Rusiya sərhədi yaxınlığında martın 15-dək davam edəcək genişmiqyaslı “Nordic Response 24” təliminə başlayıb.

Maraqlıdır, proses hara gedir? Baş verənlərə Moskvanın reaksiyası necə olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, NATO ölkələrinin Rusiyadan çəkinmələri başadüşüləndir:

“Belə ki, rəsmi Moskva uzun müddətdir bu ölkələri nüvə silahı ilə hədələyir. Bu, Alyans üzvlərini narahat etsə də, NATO genişlənməsi üçün yeni üzvlərin qəbulunu dayandırmır. Əksinə Rusiyanı ortaq təhdid görən ölkələr NATO ətrafında birləşir.

NATO üzvləri Kreml təhdidindən qorunmaq üçün ölkələrində hərbi bazaların yaradılmasını istəyirlər. Bir müddət öncə Almaniya Litvada belə bir baza yaratdı. Bu, İkinci Dünya müharibəsindən sonra ilk belə haldır”.

Politoloq bildirib ki, Ukrayna müharibədə məğlub olsa, Rusiya daha da cəsarətlənəcək:

“Növbəti hədəf kimi isə Baltikyanı ölkələrin adı çəkilir. Düzdür, praktiki baxımdan o qədər də mümkün deyil, amma bu ölkələr bütün ehtimalları nəzərə alıb təbdir görürlər.

O ki qaldı Finlandiya və İsveçə, bu ölkələr Alyansa yenicə üzv olub və ABŞ-dan nüvə silahını sərhədlərinə gətirməsini tələb edə bilərlər. Rusiyanın buna cavabını isə zaman göstərəcək”.

Turan Rzayev
Globalinfo.az