ABŞ-da noyabrın 13-də hava nəqliyyatının fəaliyyətində yaranan ciddi fasilə müxtəlif iddialara və narahatlıqlara səbəb olub. Sosial şəbəkələrdə hadisənin terror təhlükəsi, kiberhücum və ya yeni pandemiya ehtimalı ilə bağlı olduğu barədə fikirlər səsləndirilir.
Bu hadisənin terror və ya kiberhücumla əlaqəli olması ehtimalı nə dərəcədə realdır? Yeni virusla bağlı iddiaların hər hansı əsası varmı?
Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, dünyada hazırda çox qəribə proseslər gedir:
“ABŞ-İran, Körfəz və Ukrayna-Rusiya müharibələri qlobal güclərin maraqlarının toqquşması şəraitində baş verir. Bu münaqişələr çoxsaylı təxribatlar, kiberhücumlar və müxtəlif hibrid hücumlarla müşayiət olunur. Bəzən bu hadisələrin səbəblərini tam aydınlaşdırmaq da mümkün olmur. ABŞ-da bütün təyyarə uçuşlarının dayandırılması ilə bağlı verilən rəsmi məlumata görə, problem proqram təminatı ilə əlaqəli olub. Belə ki, uçuşların idarə olunduğu vahid proqram mərkəzində nasazlıq yaranıb və sistemin yenilənməsi üçün bir sıra avadanlıqların dəyişdirilməsi tələb olunur. Bu isə kifayət qədər böyük maliyyə vəsaiti tələb edir. Problemin müvəqqəti həllinə nail olunsa da, onun köklü şəkildə aradan qaldırılması üçün 50 milyard dollardan çox vəsaitə ehtiyac olduğu bildirilir. Həmin vəsaitin ayrılması üçün Konqresin razılığı alınmalı, bundan sonra zəruri işlər görülməlidir”.
Adil Qeybulla
Professor qeyd edib ki, hadisənin arxasında başqa məqamların dayanması da mümkündür:
“Bir müddət əvvəl Rusiyanın İrkutsk vilayətində taun çöpü ilə bağlı hadisə baş vermiş, laboratoriyada çalışan bir qadın əməkdaş həyatını itirmişdi. Sonradan bunun bioloji silahla bağlı bir cəhd olduğu barədə məlumatlar yayıldı. Lakin hadisənin bütün təfərrüatları hələ də tam aydın deyil və məsələ ilə bağlı rəsmi məlumatlar məhdud olub. Bu cür cəhdlərin olması istisna edilmir. Müxtəlif təhlükəli və xüsusilə təhlükəli infeksiyalardan bioloji silah kimi istifadə edilməsi mümkündür. Müharibənin gedişinə təsir göstərmək və ya onu dayandırmaq üçün müxtəlif vasitələr axtarılır. Təbii ki, müharibə aparan dövlətlərin öz maraqları var və buna uyğun olaraq həm daxili mühitdə, həm də qarşı tərəfə yönəlmiş müxtəlif addımlar atıla bilər. Hazırda sanki dünyanın yenidən bölüşdürülməsi və yeni nizamın formalaşdırılması prosesi baş verir. Bu prosesdə əsas məsələ maraqların toqquşmasıdır. Bütün bunların əziyyətini isə insanlar, Yer kürəsi, atmosfer və bütövlükdə planetimiz çəkir”.
Xəzər Universitetinin IT departament rəhbəri, “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin eksperti Fərid Musayev isə bildirib ki, bu, 2001-ci il 11 sentyabr hadisələrindən sonra ölkə miqyasında qeydə alınan ən uzunmüddətli uçuş məhdudiyyəti olub:
“Məhdudiyyət həmin gün saat 20:15-də aradan qaldırılsa da, nəticələri həftəsonu boyunca davam edib. Cümə günü 9 mindən çox, şənbə günü isə 5 mindən çox uçuş ləğv edilib. Hazırda kiberhücum ehtimalı aşağı qiymətləndirilir, lakin tam istisna olunmur. ABŞ rəsmiləri xarici kiberhücuma dair hər hansı sübutun olmadığını bildiriblər. FBI və NSA araşdırmaya cəlb olunub, Cisco və Juniper şirkətlərinin mütəxəssisləri də texniki yoxlamalarda iştirak ediblər. Hadisənin əlamətləri daha çox texniki nasazlığa işarə edir. Məlumat itkisi, sistemlərin şifrələnməsi və ya fidyə tələbi qeydə alınmayıb. Şəbəkə həddindən artıq yüklənib, problemin mənbəyi ayrıldıqdan sonra isə fəaliyyət bərpa olunub”.
Fərid Musayev
Ekspert əlavə edib ki, Federal Aviasiya Administrasiyasının (FAA) istifadə etdiyi FTI şəbəkəsi köhnə və müasir texnologiyaların birgə işlədiyi mürəkkəb sistemdir:
“Bu şəbəkə 4400-dən çox obyekti və minlərlə telekommunikasiya xidmətini birləşdirir. Problem yeni quraşdırılmış routerlərin köhnə sistemlə qarşılıqlı fəaliyyətində yaranmış ola bilər. Normal şəraitdə belə nasazlığın təsir dairəsi məhdud qalmalıdır. Lakin bu hadisə şəbəkədə nasazlıqların təcrid olunması mexanizmlərinin yetərli olmadığını göstərir. Oxşar hadisə 2009-cu ildə də FAA-nın şəbəkəsində qeydə alınıb. Həmin vaxt yanlış marşrut məlumatının yayılması nəticəsində sistemdə problem yaranıb.
Bu hadisə böyük infrastruktur sistemlərinin idarə olunması baxımından bir neçə vacib məqamı ortaya çıxarıb. Yeni avadanlıqlar quraşdırılarkən onların mümkün təsir dairəsi əvvəlcədən qiymətləndirilməli, köhnə sistemlərlə uyğunluğu yoxlanılmalıdır. Həmçinin nasazlığın digər bölmələrə yayılmasının qarşısını alan mexanizmlər sınaqdan keçirilməlidir. Digər mühüm məsələ monitorinq sistemlərinin problemin mənbəyini vaxtında müəyyən edə bilməsidir. Köhnəlmiş avadanlıqların yenilənməməsi isə təkcə İT sahəsində çətinlik yaratmır, həm də genişmiqyaslı nasazlıq və təhlükəsizlik risklərini artırır”.
Ləman İmran
Globalinfo.az