
***
12:53
Ermənistanda siyasi həbslər özünün maksimum həddinə çatıb.
Globalinfo.az xəbər verir ki, Rusiya ilə münasibətlərin pisləşməsi fonunda Paşinyan administrasiyası Moskvaya yaxın simaları hədəfə almağa başlayıb.
Ermənistan ordusunun keçmiş qərargah rəisi Yuri Xaçaturovun oğlu Qriqor Xaçaturovun həbsindən sonra hakimiyyət artıq Rusiyanın ölkədəki ən etibarlı dayağı sayılan Qagik Çarukyana da hücumlara start verib. Belə ki, ötən gün İrəvanda Çarukyanın Çiçəklənən Ermənistan Partiyasından olan keçmiş deputat Gevork Petrosyan polis tərəfindən həbs edilib. Onun həbsi haqqında detallı məlumat verilməyib.
Maraqlı məqam isə Paşinyan administrasiyası ilə 2020-ci ildən sonra münasibətlərini nizama salan Çarukyanın Vardanyanın Xankəndinə gəlişindən sonra Ermənistanda aktivləşməyə başlamasıdır. Vardanyanla münasibətlərini sıxlaşdıran erməni iş adamı həmçinin cari ilin əvvəllərində Paşinyanın ünvanına bir neçə mesaj da göndərib. Bunun isə iqtidarda müsbət qəbul olunacağı inandırıcı görünmür. Görünür, Rusiyanın təsir agentlərinə hücum edən Paşinyan bununla onları nəzarətdə saxlamağa çalışır ki, bu şəxslər siyahısında ilk yerlərdən birini məhz Çarukyan tutur.
Üstəlik, Ermənistan iqtidarının daxilində klanlararası savaş da güclənib. Azərbaycan və Türkiyəyə daha mülayim baxışları ilə seçilən Ermənistanın keçmiş səhiyyə naziri Arsen Torosyan Paşinyanın hədəfinə çevrilib. Belə ki, Torosyanın istefasına rəğmən hələ də iqtidar daxilində nüfuzu yetəri qədərdir, bu isə öz növbəsində Paşinyanın narahatlığını artırır.
Torosyanın getməsini iqtidarda yenidən güclənməyə can atan baş nazirinin keçmiş müavini Tiqran Avinyan da istəyir. Buna görə də Torosyanın səhiyyə naziri olduğu dönəmdən onun ən yaxın adamları olan simaların həbsinə start verilib. Torosyanın özü barəsində isə yoxlamalara start verilib.