İrəvan qoşunları niyə israrla çəkmək istəyir? – “Bakı buna getməyəcək”

Ermənistan Xarici İşlər Nazirliyi Qoşunların Ermənistan-Azərbaycan sərhədindən güzgü prinsipi ilə çıxarılması təklifinin qüvvədə qaldığını açıqlayıb. Rəsmi İrəvan bu təklifi 2023-cü ildə də bir neçə dəfə təkrar səsləndirmişdi.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə son açıqlamasında açıq şəkildə dedi ki, ordular hazırda kazarmalara qayıdıb, atışma yoxdur.

Maraqlıdır, atışma yoxdursa, İrəvan qoşunları niyə israrla çəkmək istəyir? Ümumiyyətlə “Qoşunların çəkilməsi” nə deməkdir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqarlı deyib ki, Ermənistanın sülh danışıqları ilə bağlı müxtəlif qeyri-konstruktiv təklifləri bir müddət davam edəcək:

Əli Zülfüqarlı

“Amma antiterror tədbirlərindən sonra bu təklif və iddiaların bir qismi dəfn edilib. Ermənistan müəyyən manevrlərlə vaxt uzatmaqla əslində özünü çətin duruma salır.

Azərbaycan bunu neytrallaşdırmaq üçün Ermənistanın manipulyasiya etdiyi məsələləri sülh prosesindən sonraya saxlamaq təklifi ilə çıxış etdi. Bunlardan biri və ən vacibi də sərhədlərin delimitasiya və demarkasiyası məsələsi idi.

Ermənistanın orduların güzgü prinsipi ilə geri çəkilməsi təklifi isə Azərbaycanın strateji üstünlüyünün əlindən alınması cəhdidir və Bakının buna getməyəcəyi dəqiqdir. Hikmət Hacıyevin “ordular kazarmalara qayıdıb” deməsi də Ermənistanın bu təklifinin əslində qəbul edilməyəcəyi anlamlına gəlir.

Azərbaycan işğalçı, qeyri-stabil siyasət yürüdən, güvənsiz, terroru dövlət siyasəti səviyyəsinə qaldıran və üçüncü qüvvələrin poliqonu səviyyəsinə düşən bir dövlətlə danışıqlar aparır. Azərbaycan ordusu öz ərazisindədir və hər şeyə nəzarət imkanlarına sahibdir. Ona görə də, Azərbaycan əldə etdiyi üstünlüyü heç bir zaman müzakirə mövzusuna çevirməyəcək”.

Turan Rzayev
Globalinfo.az