iran casus

Deputat Fazil Mustafaya hücumla bağlı saxlanılanların son 5 ildə dəfələrlə İrana gedib-gəldiyi ortaya çıxıb. Onların bəziləri Qum şəhərində təhsil alıb. Nəzərə almaq lazımdır ki, İranda təhsil aldıqdan sonra ölkəmizə qayıdan çox sayda azərbaycanlı var. Dünyanın bir çox yerində, o cümlədən Azərbaycanda müxtəlif ölkələrin casus şəbəkələrinin olması isə sirr deyil.

Bəs sözügedən şəxslər nə üçün daha əvvəldən total nəzarətə götürülməyib? Qısa müddətdə dəfələrlə İrana gedib-gələn Azərbaycan vətəndaşı ilə bağlı məlumatlar toplanıbmı?

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Globalinfo.az-a mövzunu şərh edərkən bildirib ki, İranın Azərbaycanda təbliğata başlaması ölkədə vəziyyətin qarışıq olduğu zamanlara təsadüf edir:

“Geriyə nəzər saldıqda görürük ki, dövlət hələ yeni qurulurdu, belə bir şəraitdə əvvəlcə təhlükəsizlik məsələsinin aktuallaşdırılılması çox çətin idi. O zamanlar qaçqınlar ordusu dövlətin ən böyük probleminə çevrilmişdi. Təsəvvür edin ki, qaçqın şəhərciklərində 100 minlərlə insan evsiz, ərzaq qıtlığı, tibbi xidmət çatışmazlığının yaşandığı vəziyyətdə məskunlaşıblar. Bu insanları dini təbliğat üçün hədəf kütlə olaraq seçmək daha rahatdır. İran da bununla Azərbaycana sızdı. Belə bir propaqanda quruldu ki, 1990-cı illərdə Arazboyu ərazilərdə yerləşən rayonlardan Araz çayı vasitəsilə İran ərazisinə keçid mümkün olmasaydı, o bölgələrdə yerləşən azərbaycanlı əhali məhv ediləcəkdi. Həmçinin belə bir arqument də yaratdılar ki, o bölgədə yaşayan əhalinin ermənilərin qətliamına məruz qalmamasının əsas səbəbi İran ordusunun hadisələrə müdaxiləsi olub. Bu vasitələrlə Azərbaycanın çadır şəhərciklərinə daxil oldular, İran özünün dini təbliğat kitablarını da gətirdi. Minlərlə insanın düşüncə tərzini istədikləri kimi yönləndirdilər”.

Eziz Elibeyli

Əziz Əlibəyli

Ə.Əlibəyli Azərbaycanın Qarabağ məsələsinin həllindən sonra bu mövzuya diqqət yönəltdiyini qeyd edib:

“Daha sonra isə “şiəlik” adı altında Azərbaycan gəncliyini yoldan çıxardılar. Onların da böyük əksəriyyəti işsiz və təhsilsiz şəxslərdir. Həmin şəxsləri çəkib İrana apardılar, Qum şəhərində təlimatlandırıb, Azərbaycana inhisar kimi yolladılar. Daha sonra dövlətin gücləndiyi, təhlükəsizliyin aktuallaşdığı dönəmlərdə bütün bunlar ortaya çıxmağa başladı. Lakin Qarabağ müharibəsinə görə Azərbaycan bir çox şeyi güzəştə getməli oldu. Çünki bir neçə cəbhədə parçalanmaq, düşmən qazanmaq, real təhlükələri oyatmaq düzgün olmazdı. Bu səbəbdən Qarabağ məsələsi həll olunduqdan sonra İranın “şiə” adı ilə Azərbaycana göndərdiyi “canlı bombaların” zərərsizləşdirildi”.

Ekspert saxlanılan casusların həqiqətən də terrorçu olduğunu və baş verə biləcək daha ciddi hadisələrin qarşısının alınması üçün vaxtında tədbir görüldüyünü bildirib:

“Böyük şəbəkələrin ifşa olunmasında iki xətt var: ilki ilhamverici, təşviqedici şəxslərin həbs edilməsi, ikincisi isə tövbə məsələsidir. İslam dinində də qeyd edilir ki, tövbə edən şəxslərin qurtuluş yolu var. Həmin şəxslər yanlış yolda olduqlarını da qəbul etməlidirlər. Millət vəkili Fazil Mustafaya hücum və digər hadisələrə nəzər saldıqda görürük ki, onlar həqiqətən də terrorçudurlar. Azərbaycanın xüsusi xidmət orqanlarının operativ əməliyyatları yaşana biləcək terror təhlükələrinin qarşısını aldı. Bəli, formalaşdırılmış sənədlər, kəşfiyyat məlumatları var. Bundan sonra da Azərbaycan bu şəbəkələrin zərərsizləşdirilməsi prosesini çox rahat şəkildə icra edəcək”.

Qeyd edək ki, İranın Azərbaycandakı casus şəbəkəsinin üzvlərinin zərərsizləşdirilməsi ilə bağlı əməliyyatlar davam edir.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: