İran və Türkiyə arasında son diplomatik təmaslar gözlənilməz gedişlə nəticələndi. Ankara bölgədə mümkün müharibə riskinin qarşısını almaq üçün Vaşinqtonla Tehran arasında vasitəçilik təşəbbüsü ilə çıxış etsə də, İran tərəfinin son addımı bu cəhdlərin effektivliyini sual altına aldı.
İranın xarici işlər naziri Abbas Əraqçinin mütəmadi olaraq türkiyəli həmkarı Hakan Fidanla apardığı danışıqlardan sonra İstanbulda ABŞ Prezidenti Donald Trampın müşaviri Uitkofun da iştirakı ilə görüşün təşkili gündəmdə idi. Lakin məhz bu mərhələdə Tehrandan gələn mesaj prosesin istiqamətini dəyişdi: görüşün Türkiyədə deyil, Omanda keçirilməsi istənildi.
Tehran Türkiyənin vasitəçiliyindən niyə imtina etdi? Bu tarixi rəqabət, yoxsa Türkiyənin bölgədə artan rolu ilə əlaqəlidir?
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, İranın danışıqların Omanda keçirilməsini istəməsi təsadüfi deyil:
“Bu seçim, əslində, İranın regional siyasətində məkanın diplomatik məna daşıdığını göstərən mühüm göstəricidir. Məsələ təkcə coğrafiya yox, danışıqların psixoloji, siyasi və strateji çərçivəsinin kim tərəfindən formalaşdırılmasıdır.
İran üçün Oman uzun illərdir etibarlı diplomatik platforma rolunu oynayır. 2013-cü ildə İran və ABŞ arasında nüvə danışıqlarına aparan gizli təmaslar məhz Omanda baş tutmuşdu və keçən dövr ərzində Oman ABŞ və İran arasında bir sıra açıq və gizli danışıqlara ev sahibliyi edib. Bu ölkə Tehran tərəfindən “səssiz vasitəçi” kimi qəbul olunur. Yəni belə deyə bilərik ki, Omanın Qərb blokunun bir üzvü olmaması və ən əsası da regional liderlik iddiasının olmaması bu ölkəni İran üçün daha cazibədar edir. Bu xüsusiyyətlər İran üçün son dərəcə vacibdir, çünki Tehran danışıqlar prosesində üçüncü tərəfin siyasi kapital qazanmasını istəmir.
Türkiyə isə tam fərqli statusa malikdir. Ankara NATO üzvüdür, ABŞ-la hərbi və təhlükəsizlik sahəsində sıx əlaqələrə sahibdir və regionda aktiv geosiyasi oyunçudur. Bu amillər İranın gözündə Türkiyəni neytral platformadan çox, prosesin balansına təsir göstərə biləcək aktor kimi təqdim edir. Danışıqların Türkiyədə keçirilməsi Ankaranı ABŞ–İran dialoqunda regional diplomatik mərkəz kimi ön plana çıxara bilərdi”.

Yusif Bağırzadə
Politoloq bildirib ki, İranın bu məsələdə ehtiyatlı davranmasının səbəblərindən biri də Türkiyənin son illər regionda artan təsiridir:
“Suriya, Cənubi Qafqaz və Mərkəzi Asiyada Ankara ilə Tehran arasında həm əməkdaşlıq, həm də rəqabət elementləri mövcuddur. Belə bir şəraitdə İran Türkiyəyə əlavə diplomatik status qazandırmaq niyyətində deyil. Oman isə İran üçün iddiasız ev sahibi modelinə uyğundur.
Bundan əlavə, Türkiyə mediasının və ictimaiyyətinin aktivliyi danışıqlar ətrafında şərhlərin artmasına səbəb ola bilərdi. İran isə ABŞ-la təmasları mümkün qədər sakit, aşağı profilli və texniki müstəvidə aparmağa üstünlük verir.
Odur ki, İranın görüşün Omanda keçirilməsində israrı həm Türkiyəni neytral meydan kimi qəbul etməməsinin, həm də bu ölkəyə əlavə diplomatik status qazandırmaq istəməməsinin göstəricisidir”.
Turan Rzayev
Globalinfo.az