İran özünü “yandırdı”: 44 illik fakt hər şeyi üzə çıxardı

“Bu gün İranda başlayan və hələ də davam edən etiraz aksiyalarının 4 ayı tamam olur. Şübhəsiz ki, bu müddət ərzində Tehran rejiminin daxilində ciddi silkələnmələrin olduğunu və teokratik rejimdə çatların meydana gəldiyini hiss etməkdəyik. İşin maraqlı tərəfi isə ondan ibarətdir ki, bu 4 aylıq müddətdə Tehran rejimi istər köhnə məmurları, istərsə də indiki məmurları mütəmadi şəkildə ittiham edir. Hətta iş o yerə çatdı ki, rejim uzun illər ona xidmət etmiş şəxsləri belə ölüm hökmünə məhkum etməkdən çəkinmədi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, rejimi iki əllə qorumağa çalışan məhkəmə 1997-2005-ci illərdə, yəni eks-prezident Məhəmməd Xatəminin prezidentliyi dönəmində müdafiə nazirinin müavini işləmiş Əlirza Əkbəri haqqında ölüm hökmü verib:

“İrana məxsus İSNA agentliyi məlumat paylaşıb ki, Əlirza Əkbəri Böyük Britaniyanın xeyrinə casusluqda ittiham olunaraq ölüm hökmünə məhkum edilib.

İranın Kəşfiyyat Nazirliyi iddia edir ki, edam edilən Əlirza Əkbəri İngiltərənin Mİ6 kəşfiyyat xidməti ilə sıx əməkdaşlıq edib və İranla bağlı mühüm məlumatları xaricə ötürmək üçün toplayan ən mühüm agentlərdən biri olub. Nəzərə alsaq ki, həmin dövrdə Əli Şamxani İran müdafiə naziri, Əlirza Əkbəri isə onun müavini olub, o zaman burada iki versiya ortaya çıxır:

1. Əli Şamxani rəhbərlik etdiyi qurumda ikinci şəxsin casusluq fəaliyyətindən xəbərsiz olub ki, bu da ciddi nöqsandır və Əlirza Əkbərinin aqibəti onu da gözləməlidir;

2. Əli Şamxani Əlirza Əkbərinin casus olduğunu bilib və buna göz yumub ki, bu da yenə onu həmin cinayətlərə ortaq etmiş olur.

Samir Hümbətov

Yəni hər iki halda Əli Şamxaninin də Əlirza Əkbəri qədər bu işlərdə məsuliyyət daşıdığını demək mümkündür. Ə.Şamxani admiral rütbəsində İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin xüsusi nümayəndəsi və İran Ali Təhlükəsizlik Şurasının katibidir. Buradan belə qənaətə gəlmək olar ki, Əlirza Əkbərinin edam edilməsi həm də hakimiyyətdaxili intriqanın nəticəsidir”.

Politoloq xatırladıb ki, 1979-cu ildə İslam İnqilabını dəstəkləyən və nəticəyə çatdıran İngiltərənin Mİ6 kəşfiyyatı olub:

“Bundan başqa, Tehran rejimi Qərb dövlətləri ilə ən gərgin vəziyyətində belə İngiltərə ilə əlaqəni kəsməyib. Ona görə də Tehran rejminin indi casus axtarışına çıxmasının əsl səbəbi müəmmalıdır. Əgər rejim daxilində müdafiə nazirinin müavini səviyyəsində casus varsa, demək, digər orqanların da daxilində casus şəbəkəsinin olması şübhəsizdir. O baxımdan sual ortaya çıxır: 44 il ərzində Tehran rejiminin casus axtarmayıb, indi “ov”a çıxmasının arxasında hansı səbəblər dayanır? Nəhayət, Tehran rejminin bu addımları nəticə verəcəkmi?

Qarşıdakı dövrdə baş verən hadisələrin fonunda bu mövzunun hansı nəticəyə varacağını daha yaxşı təxmin edə biləcəyik”.

Turan Rzayev
Globalinfo.az