tehran iran 1

İran hökuməti uzunmüddətli müharibə ssenarisi üçün nəzərdə tutulan fövqəladə planın icrasına başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fars Xəbər Agentliyi”nin Teleqram kanalında məlumat yayılıb.

Bildirilir ki, ABŞ ilə mümkün münaqişədən əvvəl hazırlanan plan ölkənin əsas idarəetmə mexanizmlərinin fasiləsiz işləməsini nəzərdə tutur.

Sənəd əhalinin əsas ərzaq və gündəlik tələbat malları ilə təmin edilməsi, müəssisələrin zəruri resurslarla dəstəklənməsi və daxili infrastruktur imkanlarından maksimum istifadəni əhatə edir.

Agentliyin məlumatına görə, planla tanış olan və adları açıqlanmayan iqtisadi ekspertlər bildiriblər ki, proqram İran vətəndaşlarının əsas ehtiyaclarını qarşılayacaq şəkildə hazırlanıb.

“Bu fövqəladə plan müharibə şəraitində əhalinin bütün ehtiyaclarını ödəyir və dəqiq şəkildə həyata keçirilərsə, ölkənin, xüsusilə iqtisadi sahədə, ən effektiv idarə olunmasını təmin edə bilər”, – deyə mənbələr qeyd ediblər.

Tahir Turan
Globalinfo.az

Paylaş: