Baku TV-nin “Kəndinə qayıt” verilişinin yeni buraxılışında Şamaxı rayonunun dağlıq ərazisində yerləşən Qaleybuğurd kəndinə səfər edilib.

Globalinfo.az xəbər verir ki, Şamaxı şəhərindən təxminən 20 kilometr, Bakıdan isə 140 kilometr məsafədə yerləşən kənd Ağsu çayının sahilində, Niyaldağ silsiləsinin ətəyində yerləşir. Kənddə ümumilikdə 120 ev var. Onların təxminən 80-də yaşayış mövcuddur.

Qaleybuğurdun diqqətçəkən məkanlarından biri 1930-cu illərdən fəaliyyət göstərən köhnə məktəb binasıdır. Hazırda kənddə üç məktəb binası olsa da, şagirdlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Məktəbin direktoru bildirir ki, 1985-ci ildə burada 218 şagird təhsil alırdısa, hazırda bu rəqəm təxminən 60-dır.

Kəndin tarixi və turizm əhəmiyyətini artıran əsas məkanlardan biri isə Buğurd qalasıdır. Arxeoloji araşdırmalar qalanın ərazisində XI-XIII əsrlərdə yaşayış olduğunu göstərir. Təxminən 17 hektar ərazini əhatə edən qala-şəhərdə vaxtilə 30 minə yaxın insanın yaşadığı ehtimal edilir. Tarixi mənbələrdə qalanın adına XV əsrin sonlarından etibarən rast gəlinir.

Kəndin diqqətçəkən xüsusiyyətlərindən biri də sakinlər arasında hökm sürən qarşılıqlı etimaddır. Onların sözlərinə görə, burada oğurluq halları demək olar ki, qeydə alınmır, evlərin çoxunun qapısı isə kilidlənmir. Bəzi ailələr soyuq aylarda Bakıya köçür, yazda isə yenidən doğma kəndlərinə qayıdırlar.

Paylaş: