İran Hörmüz boğazından keçən gəmilərdən rüsum, sığorta haqqı və ya hər hansı digər ödəniş tələb etmir.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
“İran ABŞ-a məlumat verib ki, əksini iddia edən saxta media xəbərlərinə baxmayaraq, Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum, sığorta haqqı və ya başqa ödəniş tələb etmir və almır. Əgər bu məlumat doğru olmasa, danışıqlar dərhal dayandırılacaq”, – ABŞ Prezidenti bildirib.
Tramp vurğulayıb ki, ABŞ tərəfindən İrana heç bir vəsait verilməyib və ya sərbəst istifadəsinə buraxılmayıb: “ABŞ İrana heç bir pul verməyib. Biz onların vəsaitlərinin bir hissəsini tam nəzarətimiz altında olmaqla, qarğıdalı, buğda, soya və digər məhsulların alınması üçün amerikalı fermer və heyvandarlardan alışlara yönəldəcəyik”.
ABŞ Prezidenti əlavə edib ki, ərzaq məhsullarına İranda ciddi ehtiyac var və bu məhsullar yalnız ABŞ-dan tədarük ediləcək: “İranda ərzağa ciddi ehtiyac var və biz bu məhsulları onlar üçün yalnız ABŞ-dan alacağıq”.