İnam Kərimov məhkəmə sistemini asanlaşdıra biləcəkmi? – Gözlənilən təyinata deputatdan rəy

İnam Kərimov 2018-ci ildə Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunduqdan sonra bu sahədə xeyli irəliləyiş, şəffaflıq və yeniliklər oldu. İ.Kərimov Azərbaycanda az sayda adamlardandır ki, ABŞ-ın İndiana Ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib, Bakı Dövlət Universitetindən əlavə Fransanın Strasburq Universitetində hüquq üzrə bakalavr təhsili, Sorobonna Universitetində magistr təhsili və nəhayət, 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.

Aydın məsələdir ki, köhnə komanda və o cümlədən Ramiz Rzayev kimi bir adamla Azərbaycanda məhkəmə hüquq sistemində islahatların aparılması mümkün olmayıb. Görünür, ölkə başçısı onun yaş həddini başa vurmasını gözləyib ki, ora bu sahədə islahat həyata keçirmək üçün Avropa təhsili görmüş, vəzifəsini uğurla icra edən gənc kadr təyin etsin.

Globalinfo.az-a danışam Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93.4-cü maddəsi hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydasını müəyyən edir.

O bildirib ki, qaydaya görə, Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər hakim vəzifəsinə namizədlərin seçilməsi üçün müəyyən olunan yazılı və şifahi imtahan prosedurlarından kənar, qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək hakim vəzifələrinə təyin edilə bilərlər:

“Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndi və 95-ci maddəsinin 10-cu bəndinə uyğun olaraq Ali Məhkəmənin hakimlərini isə Azərbaycan Respublikasının Prezidentinin təqdimatı əsasında Milli Məclis təyin edir. İnam İmdad oğlu Kərimovun da Ali Məhkəmənin hakimi təyin edilməsi ilə bağlı məsələyə Milli Məclisdə məhz “Məhkəmələr və hakimlər haqqında” Qanunda sadalanan müddəalar rəhbər tutulmaqla baxılır. İnam Kərimov ölkənin tanınmış və çox yüksək təhsilli hüquqşünaslarından biridir. 2002-2012-ci illərdə Prezident Administrasiyasında məsləhətçi və baş məsləhətçi, 2012-2018-ci illərdə Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, 2018-ci ildən isə Kənd Təsərrüfatı naziri vəzifələrində çalışmaqla 21 illik hüquq təcrübəsinə malikdir”.

Bəhruz Məhərrəmov

B.Məhərrəmov deyib ki, mediada 2012-ci ildən etibarən İ.Kərimovun hüquq sahəsində çalışmadığını iddia edənlər var:

“Bu mövqe qəbuledilməzdir. Çünki o, hər iki mərkəzi icra hakimiyyəti orqanına rəhbərlik etməklə müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirib, əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edib və onların, habelə rəhbərlik etdiyi qurumda qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edib, yoxlayıb və buna nəzarəti həyata keçirib. Həmçinin tabeliyindəki vəzifəli şəxslərin qanunvericiliyə zidd olan qərarlarını ləğv edib, eləcə də inzibati xətalar haqqında işlərə baxaraq pozuntulara görə inzibati tənbeh müəyyənləşdirmək səlahiyyətlərinə malik olub.

Bütün bunlar təbii ki, istisnasız olaraq hüquqi prosedurlardır və ixtisasını da nəzərə alsaq, deməli inzibati orqana rəhbərlik etdiyi dövr İnam Kərimov üçün hüquq sahəsində iş təcrübəsidir. Bu mənada qeyd olunan istiqamətdə hər hansı mübahisəyə lüzum yoxdur”.

Deputat deyib ki, İnam Kərimovdan gözləntilərə gəlincə, o cənab İlham Əliyevin islahatlarla bağlı iradəsini ən çevik və səmərəli icra edən vəzifəli şəxslərdən biridir:

“Cənab Prezidentin tövsiyələrini rəhbər tutmaqla o, “ASAN Xidmət” təcrübəsi ilə şəffaflıq və əhalinin məmnunluğunu ehtiva edən çox uğurlu sistem qurub. Bir çox sahələrdə bürokratik əngəllər məhz “ASAN” təcrübəsi ilə aşılıb. Eyni zamanda “Asan Xidmət” Azərbaycan brendi və məhsulu kimi beynəlxalq aləmdə də yüksək qiymətləndirilib, bu təcrübəyə çoxsaylı müraciətlər var. Həmçinin İnam Kərimov Kənd Təsərrüfatı naziri kimi də rəqəmsallaşma, elektron xidmətləri uğurla tətbiq etməklə bu sahədə ciddi şəffaflığa nail olub. Yəni cənab Prezidentin islahat kursunun uğurlu məzunu kimi, onun Ali Məhkəmədə səmərəli fəaliyyət göstərəcəyinə şübhə ilə yanaşmağa əsas yoxdur.

Nəzərə alsaq ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi cənab İlham Əliyev məhkəmə hüquq islahatlarının dərinləşməsində qərarlıdır, bu mənada məhz cənab Kərimovun əvvəlki təcrübəsinin faydalı olacağını proqnozlaşdırmaq çətin deyil. Lakin, bir məqamı unutmamalıyıq ki, Milli Məclis İnam Kərimovu Ali Məhkəməyə sədr yox, hakim vəzifəsinə təyin edir. Əlbəttə, təyinat baş tutarsa “Məhkəmələr və hakimlər haqqında” Qanunun 94-cü maddəsinə müvafiq olaraq onun da kasasiya instansiyasının hər bir hakimi kimi Ali Məhkəməyə sədr təyin olunmaq hüququ yaranacaq. Lakin, bu məsələ Parlamentin nə səlahiyyətində, nə də müzakirəsində olmayan məsələdir”.

Qeyd edək ki, İnam Kərimov 2002-ci ildən 2004-cü ilədək Azərbaycan Prezidentinin Adminstrasiyasında məsləhətçi, 2004–2012-ci illərdə isə baş məsləhətçi vəzifələrində çalışıb. 2005–2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli 2426 nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2018-ci il tarixli 9 nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

Zaira Akifqızı
Globalinfo.az