ilham rehimov 1

Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurası Qara Dəniz və Xəzər Dənizi  Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovu “Dövlətlərarası münasibətlərin inkişafında göstərdiyi böyük xidmətlərə görə” Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adına layiq görüb.

Globalinfo.az xəbər verir ki, bu yüksək mükafatın təqdimatı ilə bağlı xüsusi mərasim noyabrın 25-də Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurasının iclasında baş tutub. Təqdimat mərasimində İlham Rəhimova fəxri doktorluq diplomu və mantiyası təqdim olunub.

Təntənəli mərasimdə Sankt-Peterburq Universitetinin rektoru, Rusiya Hüquqşünaslar Assosiasiyası Rəyasət Heyətinin üzvü, “Rusiya Hüquqşünaslar Assosiasiyası” Ümumrusiya ictimai təşkilatının regionlararası bölməsinin sədri Nikolay Mixayloviç Kropaçev Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adına layiq görülməsi münasibətilə İlham Rəhimovu təbrik edərək, ona fərqləndirici nişanlar təqdim edib.

“Sankt-Peterburq Universitetinin 300 illik tarixində Fəxri doktor adı Rusiyanın və xarici dövlətlərin 142 vətəndaşına verilib. Onların arasında bir çox müasirlərimiz, görkəmli hüquqşünaslar və dövlət xadimləri var. Universitet öz məzunları – hüquqşünaslar və ilk növbədə Sankt-Peterburq Dövlət Universitetinin əsas məzunu – Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinlə fəxr edir”, – deyə Sankt-Peterburq Dövlət Universitetinin rektoru Nikolay Mixayloviç Kropaçev qeyd edib.

Professor İlham Rəhimov Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurasının iclasında çıxışı zamanı bildirib ki, Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adı onun üçün xüsusi məna kəsb edir, çünki bütün həyatı və elmi fəaliyyəti məhz  bu universitetlə bağlıdır:

“Taleyin hökmü ilə mən A.A.Jdanov adına Leninqrad Dövlət Universitetinin tələbəsi oldum. Dostlarımın və mənim tez-tez xatırladığımız gözəl müəllimlərdən yüksək təhsil alaraq, bu universitetdə əldə etdiyim biliklər sayəsində aspirant oldum və vaxtından əvvəl namizədlik, sonra isə doktorluq dissertasiyası müdafiə etdim. Eyni zamanda, məşhur universitetimizlə əlaqəni  heç vaxt kəsmirdim. Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurasının üzvlərinə və hüquqşünaslıq sahəsində alim olduğum universitetin divarlarına baş əyirəm”.

Məlumat üçün onu da bildirək ki, Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adı beynəlxalq elmi, mədəni, iqtisadi və siyasi əməkdaşlığın inkişafına töhfə vermiş ən görkəmli elm, təhsil və mədəniyyət xadimlərinə, eləcə də, dövlət və ictimai xadimlərə verilir. Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru məşvərətçi  səs hüququ ilə universitetin Elmi Şurasının iclaslarında iştirak edə, mühazirələr oxuya, elmi tədqiqatlar apara və Sankt-Peterburq Dövlət Universiteti tərəfindən təşkil olunan konfrans, simpozium və elmi tədbirlərdə iştirak edə bilər.

Tədbirdə həmçinin Rusiya Federasiyası İstintaq Komitəsinin sədri, Sankt-Peterburq Dövlət Universitetinin Qəyyumlar Şurasının üzvü, Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru, professor Aleksandr İvanoviç Bastrıkin,  Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyası prezidentinin müavini, Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru Taliya Yarullovna Xabriyeva, Rusiya Federasiyası Prokurorluğu Universitetinin rektor əvəzi, baş ədliyyə müşaviri Dmitri Konstantinoviç Bokov, Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Sergey Aleksandroviç Belov və digər fəxri qonaqlar iştirak  və çıxış ediblər.

S.A.Belov çıxışında qeyd edib ki, universitetdə Rusiya Elmlər Akademiyasının hazırkı hüquqşünas akademik üzvlərinin büstlərindən ibarət qalereya yaratmaq planlaşdırılır və onların arasında İlham Rəhimovun da büstü qoyulacaq.

Noyabrın 26-da isə azərbaycanlı alimin elmi fəaliyyətinin 45 illiyinə həsr olunmuş dəyirmi masa və kitablarının sərgisi keçirilib.

fbe2f525 a81b 4d78 94f7 27bcedd6bb30 7e5410b0 1360 4613 a26c 3e7f69e2bf17 9ac5ddb9 6895 4e00 8fb4 7053d60e60a9 9ebe76a2 9c46 4cc8 9f76 61b85539505a 30c7c108 67f7 41d9 8e0f 39c9e83eb554 84f59711 3433 4368 b830 2a09ae2a92eb 66921fdd df5b 4561 a29c ac352b1befb0 a2457779 1598 45cd a9b7 d43d41ef439f af09cc70 2533 40a6 aae6 7dee0373c1ad bfd21ff1 7ac7 4c71 afb8 6a04784bab42 cdf45e7e f30d 4d7c 91cf e7b26508c98d f1532575 8a49 443d b7f1 349ec80d70b4

Paylaş: