İbrahim Bouğali: “Azərbaycanla əlaqələrin inkişafında maraqlıyıq”

Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri ilə görüşüb.

Bu barədə Globalinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində martın 23-də Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb.

Görüşdə dost ölkələr olan Azərbaycan və Əlcəzair arasında münasibətləri daha da inkişaf etdirmək üçün böyük potensialın mövcudluğu bildirilib. Vurğulanıb ki, ölkələrimiz arasında münasibətlərin mühüm bir istiqamətini parlamentlərimiz arasında əlaqələr təşkil edir. Dostluq qruplarının fəaliyyəti bu əlaqələrin daha da dərinləşdirilməsinə dəstək verəcək. Spiker qeyd edib ki, parlamentlərimiz beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər və bu təşkilatlarda qanunverici orqanlarımız arasında qarşılıqlı dəstək mövcuddur. O cümlədən, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində əlaqələrin daha da inkişafı barədə fikirlər ifadə olunub.

Görüşdə parlament spikerləri tərəfindən həyata keçirilən qarşılıqlı səfərlərin qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsinə töhfə verdiyi qeyd olunub. Tərəflər həmçinin müxtəlif sahələr üzrə parlament komitələri arasında əməkdaşlıq imkanlarını nəzərdə keçiriblər.

Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təbriklərini çatdırıb.

O, ölkəsinin Azərbaycanla ikitərəfli, o cümlədən parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb, eləcə də beynəlxalq parlament təşkilatlarında qarşılıqlı dəstəyin əhəmiyyəti ilə bağlı fikirlərini ifadə edib.

Görüşdə həmçinin Azərbaycanın bu il COP-29-a ev sahibliyi etməsinin böyük əhəmiyyəti qeyd olunaraq, bu mühüm beynəlxalq tədbirə hazırlıqla bağlı ölkəmizin həyata keçirdiyi tədbirlər diqqətə çatdırlıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.